“Azəri-Çıraq-Günəşli”də hasilat 116 milyon barrel

“Azəri-Çıraq-Günəşli”də hasilat 116 milyon barrel

Yanvar-iyun aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundakı quyulardan hasilat gündəlik orta hesabla 641 min barrel, ümumilikdə isə 116 milyon barrel, yəni təqribən 16 milyon ton təşkil edib. "bp-Azerbaijan" şirkətindən bildirilib ki, hesabat dövründə AÇG-də stabil hasilat davam edib. AÇG-nin illik iş proqramının bir hissəsi olaraq mayda Qərbi Azəri platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirilib. Plana əsasən Qərbi Azəri platformasından hasilat təxminən 22 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın uzun müddət təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçün nəzərdə tutulmuş bu işlər tam təhlükəsiz şəkildə başa çatdırılıb.

Hesabat dövründə AÇG-də ümumilikdə 87 neft hasilatı quyusu, 40 qaz və su injektor quyusu istismarda olub. Altı ayda AÇG-də 9 neft hasilat quyusu və bir suvurma quyusu qazılıb.

2015-ci ilin birinci yarısında AÇG layihəsinə təqribən 359 milyon dollar əməliyyat məsrəfləri və 949 milyon dollar əsaslı məsrəflər xərclənib.

AÇG-də iştirak payları: bp (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), Şevron (11,3 faiz), İNPEKS (11 faiz), Statoyl (8,6 faiz), EksonMobil (8 faiz), TPAO (6,8 faiz), İTOÇU (4,3 faiz), ONGC Videş Limited (OVL) (2,7 faiz).

Bütün xəbərlər Facebook səhifəmizdə