"Azərbaycan iqtisadiyyatının 80 faizini özəl sektor təşkil edir" AÇIQLAMA

"Azərbaycan iqtisadiyyatının 80 faizini özəl sektor təşkil edir" AÇIQLAMA

Azərbaycan İpoteka Fondunun rəsmi saytında borcalanların statistikası qeydə alınıb. Belə ki, 2014-cü ilin ümumi statistikasına görə borcalanların 57,3 faizi özəl sektorda, 42,7 faizi isə dövlət sektorlarında çalışır. 2015-ci ilin ikinci rübü üçün verilən statistikaya görə borc alanların əksəriyyəti evli, az bir qismi isə subaydır. Borcalanların böyük bir qismini isə 18-29 yaş arası şəxslər təşkil edir.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, özəl sektorun iqtisadiyyatda payı artmaqdadır: "Təbii ki, bu pay artdıqca, əmək haqqı da artır. Nəzərə alaq ki, özəl sektorda yaranan iş yerlərinin sayında da artma müşahidə olunur. Bu əslində müsbət haldır. Çünki, iqtisadiyyatda özəl sektorun payının artması və özəl sahibkarlığın genişlənməsi Azərbaycanda iqtisadiyyatına da müsbət təsir edir".

Car ildə iş yerlərinin sayında yüksək artım olduğunu qeyd edən iqtisadçı söyləyib ki, yaradılan iş yerlərinin çoxu daimi iş yerləridir: "Bu ilin birinci yarısında Azərbaycanda 60 minə yaxın yeni iş yeri yaradılıb. Bütövlükdə yaradılan iş yerlərinin 48 mindən çoxu daimi iş yerləridir. Eyni zamanda daimi iş yerlərində özəl sektorun payı da yüksəkdir. Bu gün Azərbaycan iqtisadiyyatının 80 faizini özəl sektor təşkil edir. Özəl sektorda çalışanlar İpoteka Kreditləri Fonduna müraciət etməklə öz mənzil problemlərini təmin edirlər. Ümumiyyətlə özəl sektorda inkişafın artması birbaşa dövlətin özəl sektora qayğısı ilə bağlıdır. Ölkə Prezidenti İlham Əliyev daimi olaraq özəl sektoru dəstəkləyir. Bu dəstək artıq özəl sektorda çalışanların daha yüksək əmək haqqı almasına, ipoteka xidmətlərindən daha səmərəli istifadə etməsinə zəmin yaradır".

Qeyd edək ki, ipoteka kreditləri ilə bağlı güzəştli şərtlərin tətbiqi və bir sıra yeniliklərin olacağı da gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə