Uşaqlar üçün yay düşərgəsi təşkil edilib

Uşaqlar üçün yay düşərgəsi təşkil edilib

Iyulun 29-da SOCAR-ın Baş Ofisində şirkətin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov E.ON şirkəti əməkdaşlarının uşaqları üçün Azərbaycanda təşkil olunmuş yay düşərgəsi proqramının iştirakçılarını qəbul edib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, O, almaniyalı uşaqları salamlayaraq bildirib ki, 2013-cü il sentyabrın 19-da SOCAR və E.ON şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanması ilə iki şirkət arasında təkcə istehsalat əlaqələri deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlər genişlənib.

Müqaviləyə əsasən, artıq 2 dəfə-2014 və 2015-ci illərdə SOCAR şirkəti əməkdaşlarının 12-13 yaşlı uşaqları üçün Almaniyanın müxtəlif şəhərlərində yay düşərgələri təşkil edilib. Azərbaycanlı məktəblilər Almaniyadan maraqlı və dolğun təəsüratla qayıdıb, öz təəssüratlarını yaşıdları ilə bölüşüblər. Bu il Almaniyalı uşaqlar üçün Azərbaycanda ilk dəfə yay düşərgəsi təşkil edilir. Azərbaycanın və SOCAR-ın Almaniyada daha geniş tanıdılması və təbliği üçün bu proqramın geniş imkanlar açdığı və məktəblilər vasitəsilə möhkəm təməlin qoyulduğu qeyd olunub. Bildirilib ki, ölkəmizə gəlmiş 20 məktəbli üçün maraqlı səyahət və istirahət proqramı hazırlanıb. Azərbaycanda tarixən almanların məskunlaşdığı şəhərlərin olduğunu xatırladan X.Məmmədov həmin ərazilərə, habelə ölkənin tarixi yerlərinə səfərlərin uşaqlarda böyük maraq doğuracağını bildirmiş, Almaniyalı məktəblilərə xoş istirahət arzulayıb. O, yay düşərgəsi iştirakçılarının Almaniyaya Azərbaycanın gənc dostları kimi qayıdacaqlarına inamını ifadə edib.

Azərbaycanda yay düşərgəsinin iştirakçısı hüququnu qazanmış uşaqlar iyulun 27-dən avqustun 9-dək ölkəmizə səfər çərçivəsində İçərişəhərdə, Qalada, Qobustan qoruğunda, Şəkidə, Şamaxıda, İsmayıllıda, Qəbələda, Oğuzda olacaq, onlar üçün Heydər Əliyev Mərkəzinə, Qız qalasına, Şirvanşahlar sarayına, Azərbaycan Tarixi Muzeyinə, Bayraq Meydanına, Kristal saraya, Atəşgah məbədinə, Şamaxı Rəsədxanasına, Şəki Xan Sarayına, o cümlədən Olimpiya Stadionuna ekskursiyalar təşkil ediləcək. Düşərgə iştirakçıları arasında maraqlı intellektual oyunlar və yarışlar keçiriləcəkdir ki, bu da onların Azərbaycanı daha yaxından tanımasına kömək edəcək.

Görüşün sonunda xatirə şəkili çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə