“Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” FOTOLAR

Bu mövzuda elmi-praktik konfrans keçirilib
“Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” FOTOLAR

Bu gün Vergilər Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin Şamaxıda yerləşən Tədris Mərkəzində "Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu" mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda iqtisadçı alimlər, Vergilər Nazirliyinin, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, ali təhsil müəssisələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə Vergilər Nazirliyinin Tədris Mərkəzinin yeni təmirdən çıxmış inzibati binası ilə tanış olublar.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov konfransı açaraq tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat verərək bildirib ki, hazırda Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi və yetkin bazar iqtisadiyyatının qurulması istiqamətində sistemli işlər aparılır və Azərbaycanın hazırki sosial-iqtisadi inkişaf səviyyəsi ona inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyması üçün böyük imkanlar yaradır: "2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanmış "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası məhz həmin imkanlardan səmərəli istifadə yollarını və inkişafın davamlılığının təmin edilməsi üçün strateji hədəfləri müəyyən edən əsas proqramdır. Konsepsiyada qeyd olunan hədəflərə çatmaq üçün ölkəmizin vergi sistemi qarşısında tənzimləmə məsələlərində daha aktiv vergi siyasətinə keçidin təmin edilməsi, vergi dərəcələrinin optimallaşdırılması kimi vəzifələr qoyulmuşdur. Bu hədəflər vergi siyasətinin səmərəliliyinin artırılması üçün elmi araşdırmaların aparılmasına, əsaslandırılmış nəzəri və tətbiqi xarakterli ideyalara böyük zərurət yaradır".

Tədbirdə Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, millət vəkili, professor Xanhüseyn Kazımlı, AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, vergilər nazirinin müşaviri AMEA-nın müxbir üzvü, professor Akif Musayev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev məruzələrlə çıxış ediblər.

Sonra konfrans öz işini sessiyalarda davam etdirib.

"İqtisadi inkişaf və vergi siyasəti" adı altında keçirilən birinci sessiyasında vergi siyasəti və iqtisadi stimullaşdırma, iqtisadiyyatın modernləşdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv vergi siyasəti və vergi mexanizmləri, vergitutmada könüllülük prinsipi və partnyorluq istiqamətləri üzrə müzakirələr aparılmış, təqdimatlar dinlənilib.

Tədbir çərçivəsində Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq haqqında ikitərəfli Sazişlər imzalanıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə