İranın ölkəmizdəki səfiri Caspian Energy-nin nümayəndə heyətini qəbul edib FOTO

İranın ölkəmizdəki səfiri Caspian Energy-nin nümayəndə heyətini qəbul edib FOTO

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanı və Caspian Energy jurnalının redaktoru Ceyhun Bayramovu qəbul edib. SİA-nın xəbərinə görə, görüş zamanı Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də İran İslam Respublikasının iqtisadiyyatının inkişafına həsr olunmuş xüsusi nömrənin nəşri müzakirə olunub. www.caspianenergy.net saytında və dünyanın 50 ölkəsində yayımlanan Caspian Energy jurnalında dərc olunan məqalə və materialları diqqətlə izlədiyini vurğulayan səfir Möhsün Pak Ayin Caspian European Club və Caspian Energy İnternational Media Goup-un fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, jurnalda Xəzər-Qara dəniz regionunda baş verən bütün hadisələrin dərin təhlili diqqət mərkəzində saxlanılır.

Səfir Caspian Energy jurnalının səhifələrində İran iqtisadiyyatı ilə bağlı məqalə və müsahibələrin yer almasında, həmçinin Caspian European Club çərçivəsində informasiya mübadiləsinin genişlənməsinə səbəb olacaq nazirlik və qurum rəhbərlərinin görüşlərinin təşkilində maraqlı olduğunu ifadə edib.

Sonda İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Azərbaycan və İran arasında əməkdaşlığın perspektivlərindən danışan Möhsün Pak Ayin Caspian Energy jurnalına verdiyi müsahibəsində qeyd edib ki, "energetika və bank sektorundakı sıx əməkdaşlıq, zəmanət və sığorta fondlarının daha geniş sığorta (hedging) ödəmələri həyata keçirmələri, həmçinin İran və Azərbaycanın özəl sektordakı aparıcı nəhəng şirkətləri arasında ortaq müəssisələrin təsis edilməsi sanksiyalar aradan qaldırıldıqdan sonra bu iki ölkənin əsas prioritetləri olacaq". Onun sözlərinə görə, bu addımlar gələcək ikitərəfli münasibətlərin genişlənməsinin ilkin şərtləri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə