“Yaşıl çay” fermer təsərrüfatında ilk dəfə yaşıl çay yığımı FOTOLAR
Lənkəran rayonundakı "Yaşıl çay" fermer təsərrüfatında ilk dəfə olaraq yaşıl çay yarpağı yığımına başlanılıb. Yığım kampaniyasiyanı yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün məhsul istehsalçıları bütün qüvvələri səfərbərliyə alıblar.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Sınaq məqsədilə Lənkərana gətirilən kiçik texnikalardan istifadə çayçılıqda məhsuldarlığın artmasına səbəb olacaq.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq son illər Lənkəranda çayçılığın inkişafı istiqamətində bir sıra işlər görülüb, mövcud çay sahələrinin bərpası və yeni çay sahələrinin salınması sahəsində yeni uğurlar əldə edilib.
Lənkəranlı iş adamı Araz Yağubovun rəhbərlik etdiyi "Yaşıl çay" fermer təsərrüfatının bu sahədəki fəaliyyəti təqdirəlayiqdir. 2011-ci ildə salınan plantasiyalarda bu il ilk dəfə olaraq seçmə üsulla çay yığımına başlanılıb.
Araz Yaqubovun rəhbərlik etdiyi təsərrüfatda hər tərəfdə səliqə ilə əkilmiş yamyaşıl çay sahələri göz oxşayır. Təsərrüfatla tanış olarkən çaybecərənlər təcrübəli aqronom Ağəli Quliyevin rəhbərliyi ilə cavan kollardan üçyarpaq fleşləri yığırdılar.
Aqronom A.Quliyev uzun müddət keçmiş Kirov adına çayçılıq sovxozunda çalışıb. Çay bitkisinin xüsusiyyətlərini, necə deyərlər, beş barmağı kimi əzbər bilir. İlk dəfə yaşıl çay yarpağı yığımına başlanılmasından duyduğu sevinci bölüşən A.Quliyev dedi: "Bu il ilk dəfə seçmə üsulla çay yığımına başlamışıq. Sanki həyatımın ən sevincli gününü yaşayıram. Azərbaycanın ən qədim çayçılıq təsərrüfatında bu sahənin yenidən bərpa edilməsi məni çox sevindirir. Bu, bizim "Kənd təsərrüfatı ili"nə ən yaxşı töhfəmizdir. İlk çay yığımına ən təcrübəli çaydərən qızları cəlb etmişik. Çalışırıq ki, ilk fleşlər diqqətlə yığılsın, kollar zədələnməsin. Axı, əsl yığım dövrü növbəti illərdə olacaq..."
Ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən faydalanan fermer A.Yağubov Lənkəran rayonunun İstisu qəsəbəsində "Yaşıl çay" təsərrüfatını Azərbaycan çayının yenidən bərpa olunması və daha da inkişaf etdirilməsi məqsədilə 2006-cı ildə qurub.
İlk illər təsərrüfatda heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilib. Heyvandarlıqla yanaşı, çayçılıq da inkişaf etdirilib. Çayçılıq daha çox vəsait tələb etdiyindən heyvandarlıqda əldə edilmiş gəlir çayçılığın inkişafına sərf olunub.
A.Yağubov bildirib ki, son illər Lənkəran rayonunda çayçılıq özünün dirçəliş dövrünü yaşayır: "Rəhbərlik etdiyim fermer təsərrüfatında 61 hektarda çay plantasiyası salınıb. Bu il daha 12 hektarda yeni əkin sahələri salmaqla mövcud plantasiyaların həcmini 73 hektara çatdırmağı planlaşdırmışıq. Gələcəkdə isə bu rəqəmin 135 hektara çatdırılması nəzərdə tutulub".
"Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması bizi daha həvəslə işləməyə səfərbər edib. Vergi güzəştlərinin tətbiqi və 2007-ci ildən başlayaraq kənd təsərrüfatında məhsul istehsalçılarına hər il əkin sahəsinə görə subsidiyaların ödənilməsi aqrar bölmənin inkişafına böyük təkan verib. Bütün bunlar onu göstərir ki, Azərbaycanda aqrar bölmənin inkişafı dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və ölkə rəhbərliyi bu sahəni həmişə diqqət mərkəzində saxlayır" – deyə A.Yağubov vurğulayıb.
"Yaşıl çay" fermer təsərrüfatı tərəfindən illik istehsal gücü 500 ton olan "Çay emalı sexi" kompleksinin tikintisi ilə bağlı müvafiq orqanlara müraciət olunub və təklif müsbət qarşılanıb.
Təsərrüfat bu ilin payızında "Lənkəran çayı" brendi altında 250 qramlıq qutularda ilk hazır məhsulu satışa çıxarmağı nəzərdə tutub. Bu məqsədlə Çin Xalq Respublikasından lazımi çay emalı avadanlığının gətirilməsi istiqamətində razılıq əldə edilib.
Bircə qalır, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılacaq lazımi vəsaiti cəlb etməklə müasir emal sexini tikib istifadəyə vermək. Bu, həm təsərrüfatın gəlirinin artması, yeni iş yerlərinin açılması, həm də burada çalışan insanların rifah halının daha da yaxşılaşdırılması deməkdir.
İnanırıq ki, Azərbaycan çayının əvvəlki şöhrətini bərpa etməyi qarşısına məqsəd qoyan "Yaşıl çay" fermer təsərrüfatı qazandığı uğurları ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafına layiqli töhfəsini verəcək.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB