“Neftin qiyməti yüksələn xətlə davam edəcək” AÇIQLAMA

“Neftin qiyməti yüksələn xətlə davam edəcək” AÇIQLAMA

"Dünya neft bazarında qiymətlər ancaq qalxmağa doğru istiqamətlənəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Mənsur Bərxudarov deyib.

Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi iqtisadi amillərdən daha çox siyasi amillərlə bağlıdır. Burada Rusiyanın iqtisadi çöküşü nəzərdə tutulsa da, rubl özünü bərpa edə bildi: "Yəni, dünya neft bazarında son aylarda başlamış olan müsbət tendensiya olduğu kimi də saxlanılacaq. Ona görə saxlanılacaq ki, hər il neft və qazın ixracı, idxalı ilə məşğul olan dünya şirkətlərinin gəlirləri kəskin şəkildə azalıb. Bu azalma onunla müşahidə olunur ki, dünya neft bazarında qiymət aşağı düşüb. Qiymətin aşağı düşməsi ilə də daha çox iqtisadi yox, siyasi amillər də öz rolunu oynayır. Bu gün Rusiyaya qoyulan sanksiyaların neftin dünya bazarındakı qiymətinə təsir etmədiyi, dünyada tələb və təklifin dəyişməsi ilə bağlı olduğu səsləndirilməkdədir. Nəticə etibarilə hazırda Rusiya qərb ölkələrinə, Amerika Birləşmiş Ştatlarına tamamilə fərqli bir davranış göstərə bilir".

Ekspert onu da qeyd etdi ki, Rusiyaya qarşı qərbin və Amerikanın sanksiyaları baş tutmadı. Bundan sonra isə neftin dünya bazarındakı qiymətində ancaq yüksəlmə olacaq: "Rusiyada rublun məzənnəsi aşağı düşərək və nəticə etibarilə dünya neft bazarında qiymətlərin aşağı düşməsi ilə paralel olaraq Rusiya rublun məzənnəsinin qalxmağına nail ola bildi. Bu bizə belə bir nəticəyə gəlməyə imkan verir ki, Amerika və qərbin Rusiyaya qarşı tətbiq etdiyi bu sanksiyalar onlar üçün gözlənilən nəticəni vermədi. Rusiya tamamilə fərqli bir iqtisadi davranış sərgiləyə bildi. Belə olan təqdirdə dünyanın aparıcı neft şirkətləri itirdikləri qazancı bərpa etmək niyyətində olacaq. Bu məqsəd son nəticə etibarilə dünya neft bazarında qiymətlərin artmasının davam etməsi ilə nəticələnəcək. Bu da bizə onu deməyə əsas verir ki, bundan sonra dünya bazarında neftin qiyməti yüksələn xətlə davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə