Əli Məsimli: “Büdcə xərclərinə nəzarət güclənməlidir” AÇIQLAMA

Əli Məsimli: “Büdcə xərclərinə nəzarət güclənməlidir” AÇIQLAMA

"Neftin qiymətinin aşağı düşməsi Azərbaycan büdcəsinə təsir göstərmir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Əli Məsimli deyib.

Onun sözlərinə görə, may ayında dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur. Çünki neftin qiyməti dövlət büdcəsinə ciddi təsir göstərmir: "May ayında dövlət büdcəsinə yenidən baxılmasına heç bir ehtiyac yoxdur. Buna görə də, bu məsələni qaldıranlar büdcənin strukturu ilə tanış deyillər. Ümumi götürəndə Azərbaycan büdcəsinin 65%-i neft amili ilə bağlı olsa da, 53%-i Neft Fondundan daxil olmadır və qalıq isə 12%-ə yaxın olur. 12%-ə yaxın olan vəsait də 2,3 milyard manatdır. 2,3 milyard manatdan başqa Azərbaycan büdcəsinin qalan hissələrinə neftin qiymətinin aşağı düşməsi birbaşa təsir göstərmir. Yəni, Azərbaycan büdcəsi 19 milyard manatdan çox gəlir əldə edərsə və bunu da 100 faiz hesablasaq, onun 53%-i Neft Fondunun vəsaitidir, 35%-i isə neftdən kənar sahələrin vəsaitidir. 14,8%-i birbaşa neftlə bağlı vergilər və s.dir. Neftin qiymətinin 2015-ci ilin büdcəsində nəzərdə tutulan 90 dollardan götürülərsə, indi hardasa 60 dollardan biraz da yuxarıdır, yəni təqribən 30 dollara qədər proqnozlaşdırmadan aşağı düşməsi yalnız həmin 2,3 milyard manatlıq hissəyə müəyyən dərəcədə təsir göstərə bilər".

Əli Məsimli onu da qeyd etdi ki, devalvasiya nəticəsində büdcəyə daxil olmalar artıb. Dövlət bəzi xərcləri azaltmaqla və layihələrin bəzilərini 2016-cı ilə keçirməklə büdcəyə qənaət edə bilər: "Devalvasiya nəticəsində büdcəyə daxil olacaq əlavə vəsait isə neftin qiymətinin dünya bazarında düşməsi nəticəsində Azərbaycan büdcəsinin itirdiklərini kompensasiya edə biləcək. Əgər bu amili də nəzərə almasaq, ötən ildən qalan vəsaitlər hesabına əlavə gələn gəlirlə büdcəni örtmək mümkün olacaq. Ona görə də qanunvericilikdə nəzərdə tutulan konkret məqamlardan çıxış edərək demək olar ki, qanunvericilik çərçivəsində Azərbaycan hökuməti, Maliyyə Nazirliyi və Nazirlər Kabineti müəyyən dərəcədə lüzumsuz xərcləri azaltmaq, bir sıra ikinci, üçüncü dərəcəli layihələri növbəti ilə, 2016-cı ilə keçirmək və büdcə vəsaitindən istifadə səmərəliliyini artırmaq, büdcə vəsaitinin öz təyinatına görə xərclənməsinə nəzarəti gücləndirməlidir. Yəni büdcədən xərclənən hər manatın səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər hesabına neftin qiymətinin aşağı düşməsi nəticəsində itkiləri kompensasiya edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə