Elman Mehdiyev: “Maddi yardım MDB ölkələri ilə müqayisədə 6 dəfə çoxdur”

Elman Mehdiyev: “Maddi yardım MDB ölkələri ilə müqayisədə 6 dəfə çoxdur”

"Sağlamlıq məhdudiyyəti olan insanlara post- terminallar vasitəsilə evlərində xidmət göstərilməsi ilə bağlı hazırlıq Dövlət Sosial Müdafiə Fondunun xüsusi nəzarəti altındadır". SİA-nın məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Fondun binasında keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, Birinci Dünya Müharibəsi iştirakçıları birdəfəlik müavinətlə təmin olunub. Təyin olunan müavinət MDB-nin digər ölkələri ilə müqayisədə 6 dəfə çoxdur: "MDB məkanı üzrə 1941 – 45-ci illərdə Böyük Vətən Müharibəsi iştirakçılarına verilən müavinətin məbləği üzrə ən yüksək göstərici məhz Azərbaycandadır. Bu barədə statistika da təqdim olunub. Statistikada göründüyü kimi, Azərbaycanda bu kateqoriyadan olan insanlara birdəfəlik maddi yardım, digər MDB ölkələri ilə müqayisədə əhəmiyyətli şəkildə yüksək rəqəmlərlə ifadə olunur. Məsələn, Rusiya ilə biz müqayisə etsək, manat ekvivalenti ilə təqribən 6 dəfədən yuxarı bir məbləğlə ifadə olunur. Cənab Prezidentin Sərəncamına əsasən məhz Azərbaycan vətəndaşı olan 1941- 45-ci illər Böyük Vətən Müharibəsi İştirakçılarına bu yüksək diqqət və qayğı göstərilir. Bundan əlavə Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası qanununda da qeyd olunan kateqoriyaya aid insanların xüsusi fərqləndirilməsi aparılır, qanunun 19-cu maddəsinə əsasən Böyük Vətən Müharibəsi əlilləri və müharibənin iştirakçılarına xüsusi əlavələr müəyyən olunub".

Fondun sədri onu da qeyd etdi ki, hər ay əlillərin pensiyalarının baza hissəsinə əlavələr olunur: "Birinci qrup əlillərə əmək pensiyasının baza hissəsinin 140 faizi həcmində, ikinci qrup əlillərə 110 faizi həcmində, 3-cü qrup əlillərə və müharibə iştirakçılarına isə 90 faiz həcmində hər ay biz pensiya üzərinə əlavələr hesablayırıq. Bunun hesabına Azərbaycanda yaşa görə adi qaydada hesablanan pensiyanın məbləğinə görə qeyd etdiyim insanlara 140 manatla 100 manat arası yuxarı rəqəmlərlə pensiya hər ay tərəfimizdən təmin olunaraq onların plastik kartlarına köçürülür və pensiya təminatları reallaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə