Əli Əlirzayev: “Fermerlərin yarmarkalara çıxması vacib deyil” AÇIQLAMA

Əli Əlirzayev: “Fermerlərin yarmarkalara çıxması vacib deyil” AÇIQLAMA

"Yarmarkalarda satılan kənd təsərrüfatı malları öz məhsulumuzdur. Məhsulunu istehsalçının özü gətirib satmalıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib. Onun sözlərinə görə, bəzi işbazlar manatın devalvasiyasını əsas gətirərək qiymət artımı edirlər. Lakin yarmarkalara gətirilən məhsullar öz məhsulumuzdur və burada qiymət artımı absurd bir məsələdir: "Azərbaycan manatı devalvasiya etdikdən sonra bizneslə məşğul olan bəzi şəxslər bildirirdilər ki, xaricdən mal gətiririk və dollar bahalaşdığına görə məcbur olub məhsulumuzu baha satırıq. Bəzi ticarətlə məşğul olan şəxslər əvvəllər bunu bəhanə edirdilər. Yarmarkalar isə öz məhsulumuza əsaslanmalıdır. Satıcılar malları indi hardansa alır gətirir və yarmarkalarda satır. Satıcılar qiyməti necə azalda bilər? Heç cürə azalda bilməzlər. İnkişaf etmiş ölkələrdə xüsusi təşkilatlar, topdansatış firmaları var. Onlar əhalidən, kənd istehsalçısından məhsulu alaraq gətirib satırlar. Bu da əlavə xərcləri azaldır. Lakin bunun əvəzində özləri aldıqları qiymətə müəyyən əlavələr edərək yarmarkalarda satırlar. Bizdə isə çox təəssüf ki, belə deyil. Bəzi şəxslər kiminsə xətrinə yarmarkaya çıxıram deyərək öz məhsulunu bazara çıxardır. Ona görə də bu hal prinsip olaraq rəqabət yaratmır. Məsələn, 8-ci kilometr bazarında satılan kənd təsərrüfatı məhsullarının qiymətləri Bakının istənilən yerində keçirilən yarmarkalardakı qiymətdən ucuzdur".

Ekspert həmçinin vurğuladı ki, yarmarkalarda qiymətlərin azaldılması üçün ilk növbədə topdansatışla məşğul olan hüquqi şəxslər addım atmalıdır. Fermerlərin yarmarkalara çıxışının artırılması istiqamətində rəqabət yaradılmalı və məhsul bolluğu formalaşdırılmalıdır: "Burada belə bir məsələ də var ki, fermerlərin hamısının yarmarkalara çıxması vacib deyil. Öz təsərrüfatı ilə məşğul olmalıdır. Kənd təsərrüfatında heyvandarlıqla məşğul olan şəxs yağ və pendiri əgər bazara gətirərsə, onu satmaq üçün bir neçə gün və ya həftə vaxt xərcləməlidir. Onun alıcıları başqa adamlar, firmalar olmaldır. Öz maşınları ilə bazara çıxararaq kəndliyə bu sahədə həm dəstək verməlidir, həm də öz ticarətini etməlidir. Yəni kənd təsərrüfatı məhsullarının yarmarkalara çıxarılması ilə xüsusi şəxslər və firmalar məşğul olmalıdır. Əvvəllər dövlət bu işlərlə məşğul olurdu. Dövlət Tədarük Komitəsi mövcud idi. İndi isə bunu ayrı – ayrı hüquqi şəxslər və ya firmalar edə bilər. Həmin firma və şəxslər arasında da rəqabət yaradılmalıdır, onlar da bu işlərlərlə maraqlanmalı və gəlir götürməlidirlər. Belə olduğu halda qiymət də aşağı düşər və istehsal da artar. Əgər istehsal sürətləndirilməzsə məhsulu satmaqla onun qiymətini aşağı salmaq mümkün olmaz. Ona görə də ilk növbədə istehsalı artırmaq, bunun üçün də rəqabətini artırmaq çox vacib bir məslədir".

Bütün xəbərlər Facebook səhifəmizdə