Araz Aslanlı: “Bu layihə Ermənistanın lehinə istiqamətlənib” AÇIQLAMA
"Bakı – Tbilisi – Ceyhan (BTC) boru xəttinin fəaliyyəti bu gün davam edir. Hesab etmirəm ki, Rusiyanın hansı isə layihələri, dəmir yolu xətləri BTC-yə problem yaratsın". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.
Onun sözlərinə görə, Bakı – Tbilisi – Ceyhan boru xəətti beynəlxalq əhəmiyyətli layihədir. Hər hansı bir ölkə bu layihəyə mane olmaq iqtidarında deyil. Bu layihə qərbin diqqətində olan bir layihədir: "Çünki bu layihə qlobal əhəmiyyətlidir və hər hansı bir ölkə zərər vermək iqtidarında deyil. Moskva – Suxumi – Tbilisi – İrəvan dəmiryolu xətinin tikilməsində başqa məqamlar ola bilər. Bu layihəni daha çox Ermənistanın blokada vəziyyətindən çıxardılması istiqamətində atılan addım kimi qiymətləndirmək olar. Ancaq bu dəmiryolu xəttinin Bakı – Tbilisi – Ceyhan boru xəttinə hansı isə maneçilik törədəcəyini ehtimal etmirəm. Çünkü BTC boru xətti beynəlxalq əhəmiyyətli bir layihədir və fəaliyyətdədir. Fikir verdikdə görərik ki, Qərbin nəzərdə tutduğu enerji layihələri və regionun enerjisinin Qərb üçün əhəmiyyətliliyi ona əsas verir ki, Avropa heç bir vaxt icazə verməyəcək ki, bu kimi layihələrə hər hansı bir mane törədilsin. Həmçinin BTC boru xəttini həyata keçirən böyük şirkətlər də buna imkan verməz, eyni zamanda Gürcüstanın içində olduğu vəziyyətdə onu ayaq üstündə saxlayan sadəcə Azərbaycan və Türkiyənin reallaşdırdığı böyük enerji layihələridir. Başqa cür Gürcüstanın dünyaya verdiyi böyük bir töhfəsi yoxdur".
Araz Aslanlı qeyd etdi ki, Azərbaycan və Türkiyə Gürcüstanda qlobal layihələr həyata keçirir. Gürcüstan da bunu nəzərə almalıdır: "Bu gün Gürcüstan böyük enerji layihələrini öz torpağından keçirməklə tranzit olaraq əhəmiyyətini artırır. Bu layihələrlər Gürcüstan həm də iqtisadi – siyasi stabilliyini qoruyub saxlayıb, həm də təhlükəsizliyini qoruyub saxlayıb. Ona görə də mən hesab etmirəm ki, Gürcüstan başqa enerji layihələrini həyata keçirsin. Əgər Moskva – Suxumi – Tbilisi – İrəvan dəmiryolu xətti həyata keçirilməsinə icazə verərsə bu zaman enerji layihələrinə zərər vermir. Lakin Gürcüstan nəzərə almalıdır ki, bu gün Bakı – Tbilisi – Ceyhan boru xətti onun ölkəsindən keçir, digər layihələrin fəaliyyəti genişləndirilir, Bakı – Tbilisi –Ərzurum boru kəməri, TransAnadolu layihəsində Gürcüstan nəzərə alınır, Qara Dəniz sahillərinə qədər neftimizi apararaq Gürcüstanın tankerlərindən istifadə edirik. Yəni biz sadəcə Gürcüstanla sadəcə dəmiryolu ilə əməkdaşlıq etmirik, həm boru kəmərləri vasitəsilə tranzit gəlir imkanı veririk, həm də tankerlərindən istifadə edirik".
Ekspert həmçinin qeyd etdi ki, Moskva – Suxumi – Tbilisi – İrəvan dəmiryolu xətti Ermənistanın blokadadan çıxardılmasına istiqamətlənmiş bir layihədir. Gürcüstan özü də ərazi bütövlüyü pozulmuş bir ölkə olaraq Azərbaycanı nəzərə almalıdır: "Azərbaycanın bütün bu həyata keçirdiyi layihələrə o qədər şaxələndirilmişdir ki, Gürcüstan öz marağında olmayan Moskva – Suxumi – Tbilisi – İrəvan dəmiryolu layihəsinə icazə verməsi hesab edirəm ki, çox inandırıcı deyil. Çünkü bu layihənin keçdiyi yolda Gürcüstanın ərazi bütövlüyü pozulub. Bu layihənin həyata keçirilməsi məsələsini yenə vurğulamaq istərdim ki, bu ancaq Ermənistanın blokadadan çıxarılmasına istiqamətlənmiş ola bilər. Hesab edirəm ki, Azərbaycanın belə bir layihəyə baxışı müsbət deyil və Gürcüstan da yəqin ki, bunu nəzərə alacaq. Gürcüstan və Azərbaycanın məncə bu layihə marağında deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB