Azərbaycan ikinci peykinə 157 milyon avro yatırıb

Azərbaycan ikinci peykinə 157 milyon avro yatırıb

Azərbaycanın ikinci peyki – "Azersky"ın əsas dəyəri 157 milyon avro məbləğindədir. Bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.

"Peykin istehsal olunaraq orbitə çıxarılması layihəsinin dəyərinin 15 faizi Azərbaycan hökuməti, 85 faizi kredit təşkilatları hesabına maliyyələşdirilib. Layihə rentabellidir. Yatırılan investisiyalar 5-7 ilə geri qaytarılacaq", - deyə nazir vurğulayıb.

Nazir Ə.Abbasov qeyd edib ki, peyk artıq yanvarın 1-dən fəaliyyətə başlayıb. Peyk əsasən ixraca, xarici ölkələrə xidmət edir. 15-20 milyon avroluq müqavilələr artıq imzalanıb və bu iş genişləndiriləcək.

Qeyd edək ki, "BakuTel-2014" sərgisi çərçivəsində dekabrın 2-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan ilə Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyununda orbitə çıxarılan və bundan sonra "Azersky" adlandırılacaq "Spot 7" yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki "Azərkosmos" ASC-yə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə