Azərbaycanın rolu yüksək qiymətləndirilir

Azərbaycanın rolu yüksək qiymətləndirilir

Albaniyanın energetika və sənaye naziri Damian Qjiknuri Azərbaycanın Cənub qaz dəhlizinin inkişafında fəal rolunu və Albaniyanın qazlaşdırılması üzrə baş planının həyata keçirilməsində SOCAR-ın dəstəyini yüksək qiymətləndirib. SOCAR-dan verilən məlumata görə, bu barədə Tiranada Albaniya Respublikasının Hökuməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sədrliyi ilə Albaniyanın qazlaşdırılması üzrə baş planının texniki-iqtisadi əsaslandırılmasına dair geniş toplantıda bildirilib.

2014-cü il dekabrın 19-da Azərbaycan və Albaniya arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq keçirilən tədbirdə Avropa Komissiyasının, Enerji Cəmiyyəti Katibliyinin, Trans Adriatik Boru Kəməri (TAP) və bp şirkətlərinin, Qərbi Balkan İnvestisiya Çərçivəsi Təşkilatı (WBIF) və milli şirkətlərin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Albaniyanın energetika və sənaye naziri Damian Qjiknuri layihənin ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə, Albaniyada qaz şəbəkəsinin yaradılması ilə Balkan regionunda qaz şəbəkəsinin genişləndirilməsinə və bununla da Albaniyanın firavanlığına mühüm töhfə verəcəyini vurğulayıb.

SOCAR prezidentinin müşaviri Murad Heydərov isə öz növbəsində "Cənub" qaz dəhlizi layihəsinin Cənub-Şərqi Avropada və Balkan yarımadasında həyata keçirilməsində Albaniyanın mühüm rol oynadığını qeyd edib. Azərbaycan hökumətinin bu ölkənin qaz bazarının inkişafına öz töhfəsini vermək niyyətində olduğunu söyləyib. O, həmçinin Azərbaycan və Albaniya hökumətlərinin alternativ qaz mənbələrini və Azərbaycandan Adriatik dənizi və Cənub-Şərqi Avropa istiqamətində nəqliyyat marşrutlarını təmin edən TAP və digər layihələr üzrə yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Görüşün sonunda Albaniyanın qazlaşdırılması üzrə baş planının texniki-iqtisadi əsaslandırılmasının həyata keçirilməsi məqsədilə xüsusi işçi qrupun yaradılması barədə razılığa gəlinib.

Növbəti görüş 2015-ci ilin aprel ayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə