Vüqar Bayramov: “Azərbaycan inkişaf etmiş ölkələri 3 dəfə qabaqlayıb” AÇIQLAMA
"Doing Business 2015" hesabatında bildiyimiz kimi, Dünya Bankı yeni metodologiya tətbiq etdi. Bu ildən başlayaraq yeni metodologiya əsasında ölkələrin yerlərini hesablamağa başladı. Azərbaycan 2015-ci ilin "Doing Business" hesablamalarında ən çox islahat aparan 10 ölkədən biridir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan bir sıra göstəricilərə görə artıq irəliləyişlər əldə edib: "Azərbaycan əvvəlki illərlə müqayisədə 8 pillə irəliləyib. Bu isə o deməkdir ki, əgər 2014-cü ildə Azərbaycan 88-ci yerə sahib olubsa, 2015-ci ildə 80-ci yerə qədər yüksələ bilib. Azərbaycan bir sıra istiqamətlər üzrə ilk onluğa daxildir. Məsələn: Azərbaycan daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə dünyada 10-cudur. Eyni zamanda hətta bəzi kateqoriyalar üzrə Azərbaycan inkişaf etmiş ölkələrlə eyni sıradadır. Belə ki, biznesə başlamağa görə Azərbaycan dünyada 11-cidir. Müqavilələrə riayət edilməsinə görə, qeydiyyatı və icrasına görə Azərbaycan dünyada 31-cidir. Vergilərin ödənilməsində sadəliyinə görə ölkəmiz dünyada 33-cüdür. Eyni zamanda kiçik investisiyaların müdafiəsinə və qorunmasına görə Azərbaycan dünyada ən yaxşı 50 yerdən birinə sahibdir. Xüsusən Azərbaycan bir sıra istiqamətlərə görə faktiki olaraq ciddi irəliləyişlər əldə edib. Qeyd etdiyimiz kimi, vergi ödəyişinin səviyyəsinin yüksəldilməsinə görə Azərbaycan 65-ci yerdən 33-cü yerə qədər irəliləyib".
Ekspert qeyd etdi ki, ASAN xidmətin yaradılması ilə ölkəmizdə xidmətin keyfiyyəti artırılmış oldu və bu da dünya reyting cədvəlinə təsir etdi: "Əmlakın qeydiyyatının ölkə prezidenti tərəfindən 2014-cü ildə asanlaşdırılması və eyni zamanda bu proseduraların ASAN xidmətə verilməsi imkan verdi ki, Azərbaycan əmlakın qeydiyyatına görə, dünyada ən yaxşı göstəriciyə malik olan 10 ölkədən biri olsun. Faktiki olaraq Azərbaycan qeyd olunan istiqamətlərdə ciddi irəliləyişlərə nail olub. Əslində 2015-ci ilin "Doing Business" hesabatında Azərbaycanın ən çox islahat aparan 10 ölkədən biri olması, məhz 2014-cü ildə həyata keçirilən islahatlarla bağlıdır. Ölkə prezidentinin siyasi iradəsinə əsasən ötən il bir sıra kifayət qədər əhəmiyyətli qanunverici qərarların qəbul edilməsi və bu istiqamətdə islahatların davam etdirilməsi ilə baglıdır".
Vüqar Bayramov ölkə prezidenti tərəfindən sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı atılan addımlardan da danışdı. Vurğuladı ki, ölkəmiz İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı üzrə orta göstəricidən daha yaxşı vəziyyətə malikdir: "Cənab prezidentin ötən il martın 3-də imzaladığı sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərmana uyğun olaraq sahibkarlıq fəaliyyətinin asanlaşdırılması, prosedurların sayının azaldılması, müddətin aşağı salınması ilə bağlı konkret tapşırıqlar və fəaliyyətlər müəyyənləşdirilir ki, bu da Azərbaycanın yerinin yaxşılaşmasına gətirib çıxarır. Belə ki hesabata görə biznesə başlamaq indikator sayına görə Azərbaycan dünyada 11-ci dir. Biznesin qeydiyyatdan keçirilməsi üçün tələb edilən prosedurların sayı ölkəmizdə 3, günlərin sayı isə 5-dir. Bu göstəricilərə görə, Azərbaycan İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı üzrə orta göstəricidən daha yaxşı vəziyyətə malikdir".
Ekspert Azərbaycanın indikatorlarda əldə etdiyi nailiyyətləri qonşu və region ölkələri ilə müqayisə etdi. Bəzi sahələrdə isə göstəricilərin hətta inkişaf etmiş ölkələrdən daha yaxşı olduğunu bildirdi: "Belə ki, inkişaf etmiş ölkələrin birləşdiyi bu qurumda sözügedən göstəricilər uyğun olaraq 5 və 9-dur. Region ölkələrində isə bu göstərici 5 və 12-dir. Bu o deməkdir ki, Azərbaycanda biznesə başlamaq üçün 3 prosedura lazımdırsa, MDB və mərkəzi – şərqi Avropa ölkələrində bu rəqəm 5-dir. Yəni proseduraların sayı daha çoxdur. Əgər Azərbaycanda biznesə başlamaq üçün işadamları 5 gün sərf edirsə, region ölkələrində bu göstərici 12 gündür. Yəni digər ölkələrlə müqayisədə Azərbaycanda işadamı 2 dəfədən daha az vaxt sərf edərək biznesə başlamaq imkanlarına malikdir. Digər istiqamətdə qeyd etdikdə, tikinti başlamaqla bağlı Azərbaycanın indikator mövqeyi 17 pillə yaxşılaşdırılıb. Əmlakın qeydiyyatına görə, qeyd etdiyim kimi Azərbaycan region ölkələrini geridə qoyub. Belə ki, ölkəmizdə bunun üçün 3 prosedura tələb olunursa, region ölkələrində isə 6 prosedura tələb olunur. İnkişaf etmiş ölkələrdə isə proseduraların sayı 5-dir. Bu isə o deməkdir ki, Azərbaycanda tələb edilən proseduraların sayı inkişaf etmiş ölkələr və region ölkələri ilə müqayisədə təxminən 2 dəfə azdır ki, bu da məhz əmlakın qeydiyyatının asanlaşmasından xəbər verir. Tələbat günlərin sayına görə ölkəmizdə 8,5 gün tələb olunursa, region ölkələrində, mərkəzi – şərqi Avropa ölkələrində bu göstərici 23,1 gündür. İnkişaf etmiş ölkələrdə isə 24 gündür. Yəni praktiki olaraq Azərbaycan bu göstərici üzrə də inkişaf etmiş və digər ölkələri 3 dəfə qabaqlayıb. Təbii ki, bu da birbaşa Azərbaycanda əmlakın qeydiyyatının elektron formada aparılması ilə bağlıdır. Ümumiyyətlə sözügedən hesabatda indekatorlar üzrə təhlil aparanda və region ölkələri və qonşu ölkələrlə müqayisə etdikdə belə qənaətə gəlmək olar ki, Azərbaycan istər Dünya Bankının "Doing Business" hesabatında əksər indekatorlar üzrə öz mövqeyini yaxşılaşdıra bilir. Praktiki olaraq Azərbaycan bu istiqamətdə birmənalı şəkildə dünyanın aparıcı ən çox islahat aparan siyasıhına daxil ola bilib. Təbii ki, "Doing Business" hesabatında Azərbaycanın mövqeyinin ciddi şəkildə yaxşılaşması birmənalı şəkildə ölkə prezidentinin islahatları davam etdirməsi, biznesə müdaxilələrin aradan qaldırılması və sahibkarlıq fəaliyyəti ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün siyasi iradəsi ilə bağlıdır. Təbii ki ölkə prezidentinin siyasi iradəsi 2014-cü ildə bir çox biznes fəaliyyətinin elektronlaşmasına və sahibkarlıq fəaliyyəti üçün daha yaxşı mühitin formalaşmasına gətirib çıxarır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB