Azər Mehdiyev: “Azərbaycan enerji dəhlizi kimi istifadə oluna bilər” AÇIQLAMA

Azər Mehdiyev: “Azərbaycan enerji dəhlizi kimi istifadə oluna bilər” AÇIQLAMA

"Avropa ilə Azərbaycan arasında iqtisadi münasibətlərdə güclü əməkdaşlıq formalaşıb. Bu bir tərəfdən Avropa ilə Rusiya arasında olan münasibətlərin nəticəsi olaraq ortaya çıxıb". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib. O qeyd edib ki, Rusiya – Ukrayna münasibətləri alternativ enerji məsələsini Avropa üçün yenidən gündəmə gətirdi. Burada da əsas rol oynayan ölkələrdən biri Azərbaycan hesab olunur. Lakin bunun üçün TANAP və TAP layihələrinin həyata keçirilməsi ilkin vacib amil olaraq qalır: "Rusiya bu imkanlarından Avropaya təzyiq kimi istifadə edirdi. İndi də Rusiya ilə Ukrayna arasında olan münasibətlərdən doğan sanksiyaların tətbiqindən Rusiya istifadə edərək Avropaya təzyiq göstərmək istəyir. Təbii ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın iştirakı uzun müddətdir ki, müzakirə olunur. Bir tərəfdən də Azərbaycanın enerji dəhlizi kimi istifadə olunmasından söhbət gedir. Mərkəzi Asiya ölkələri enerji daşıyıcılarının məhz Azərbaycandan və Gürcüstandan keçməklə Avropaya daşımağı planlaşdırılır. Eyni zamanda Azərbaycan nefti ilə yanaşı Azərbaycan qazının da Avropaya daşınması məsələsi var. Lakin nəzərə alaq ki, Azərbaycan qazı hələki yalnız Türkiyəyə gedib çata bilir. Avropaya gedib çatması üçün TANAP və TAP layihələrinin başa çatması lazımdır. Bu da ən azı 2020- ci ilə qədər çəkən dövrdür".

Ekspert vurğuladı ki, Avropanın enerji təhlükəsizliyi şərqdən tam təmin olunmadığı üçün ABŞ-dan idxal gözlənilir. Lakin Azərbaycanın həyata keçirdiyi layihələr 5-6 il sonra Avropanı tamamən enerji təhlükəsizliyi məsələsindən xilas edə biləcək: "Bu baxımdan hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində, xüsusən enerji təminatında ciddi rol oynaya bilmir. Bu imkanlar yalnız gələcəkdə formalaşa bilər. O dövrə qədər isə Avropada yeni enerji daşıyıcılarından istifadə məsələsi gündəmdədir. Daha çox alternativ mənbələrdən, xüsusilə ABŞ-dan qaz idxal etmək perspektivləri üzərində iş gedir, eyni zamanda alternativ enerji mənbələri üzərində işlənilir. Yəni bu baxımdan Azərbaycanın Avropanın enerji daşıyıcıları bazarına 5-6 ildən sonra daxil olması gözləniləndir. O dövrə qədər Avropanın enerji təminatı hansı formada qurulacaq onu zaman göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə