Elman Rüstəmov: “İpoteka sisteminin yenidən qurulması istiqamətində ardıcıl addımlar atılacaq”

Elman Rüstəmov: “İpoteka sisteminin yenidən qurulması istiqamətində ardıcıl addımlar atılacaq”

"Hazırda Maliyyə Nazirliyi ilə kredit faizlərinin, xüsusilə də biznes kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində müzakirələr aparılır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov vurğulayıb ki, biznes kreditləri üzrə faiz dərəcələrinin bir rəqəmli səviyyəyə çatdırılması üçün işlər görülür: "Biz 2015-ci ildə kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması istiqamətində addımlar atacağıq. Hazırda əmanətlər üzrə faiz dərəcəsinin yüksək olması kredit faizlərinin yüksək olmasına gətirib çıxarır. 2014-cü ildə Azərbaycan iqtisadiyyatı üzrə faiz dərəcəsi 14,3% təşkil edir. Bunun təxminən dörddə üçü kommersiya kreditləridir. Bu kreditlər üzrə faiz dərəcəsi 10,8% təşkil edir. Yəni, təxminən 11%-dir. Bu kreditlərin dörddə birini təşkil edən istehlak kreditləri üzrə faiz dərəcəsi təxminən 18% təşkil edir. Lakin bu istehlak kreditlərinin strukturu çox müxtəlifdir. Burada kreditlər təminatlı və təminatsız olmaqla iki hissəyə bölünür. Tutaq ki, avtomobil kreditləri üzrə faiz dərəcəsi 14,8%-dir. Dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 4 və 8%-dir. Bütövlükdə bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 9-10%-dir. Lakin, istehlak kreditləri üzrə faiz dərəcələri 35%-ə qədər çatır. Amma bu hansı kreditlərdir? Bu tam təminatsız kreditlərdir. Yəqin ki, bir çoxunuz, millət vəkilləri, iş adamları və sair kredit kartlarından istifadə edirlər. Kredit kartları üzrə verilən kreditlər tam təminatsızdır. Sadəcə olaraq bankda hesabınız var, kredit kartları götürmüsünüz. Hər hansı vəsaitə ehtiyac varsa, imzaladığınız müqaviləyə görə, sizə qoyulan limitlər üzrə vəsaitinizi artıra bilərsiniz. Bu kreditlər üzrə faiz dərəcələri çox yüksəkdir. Əhalinin bir çox hissəsi belə kreditlərdən istifadə edir. Bütün dünya praktikasında bu çox yüksək riskli kredit hesab olunur. Çünki bunun arxasında girov dayanmır, çox sadələşdirilmiş bir kreditdir. Sadəcə bu kredit çox vaxt hətta telefonla həll olunur. Burada geri qayıtmayan, problemli kreditlər təxminən 18%-ə çatır. Təbii ki, bu gün bankları müdafiə etmək fikrində deyiləm. Əgər kreditlərin maya dəyərinə baxsaq, ilk növbədə əmanət faizlərin toxunmaq istəyirəm. Əmanətlər üzrə orta faiz təxminən 9,6%-dir. Bu olduqca böyük bir rəqəmdir. Bizim əhali öz vəsaitlərini banklara çox yüksək faizlə qoyur. 2014-cü ildə bankların əhaliyə ödəyəcəkləri faiz gəlirləri 500 mln. manat təşkil edəcək. Bu olduqca ciddi bir rəqəmdir və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında olduqca mühüm rol oynayır. Bankların isə kreditlərdən əldə edəcəyi gəlirlər təxminən 420-430 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yəni banklar, bu gün əmanətlərə görə əhaliyə daha çox faiz ödəyirlər. Yəni, bütövlükdə fəaliyyətlərindən götürdükləri gəlirlər bundan azdır. Açıq etiraf etmək lazımdır ki, bu gün pula olan tələbat əhəmiyyətli dərəcədə çoxdur, kreditlərə olan tələbat əhəmiyyətli dərəcədə çoxdur. Bu bazar hələ də tələb bazarıdır. Təklif bazarı deyil. Tələbat böyük olanda qiymətlər də yüksək olur".

AMB sədri deyib ki, Azərbaycanda ipotekaya ayrılan vəsaitin artırılması üçün Maliyyə Nazirliyi ilə məsləhətləşmələr aparılır: "Beynəlxalq Maliyyə Korporasiyasının qiymətləndirməsinə görə, Azərbaycan ipotekaya olan ilkin tələbat 6 mlrd. ABŞ dolları təşkil edir. Bu tələbatı ödəmək üçün çox ciddi maliyyə resursları lazımdır. Ölkənin ciddi maliyyə resursları var. Bu maliyyə resurslarından istifadə edirik".

E. Rüstəmov vurğulayıb ki, hökumət yaxın illərdə, o cümlədən 2015-ci ildə ipotekaya ayrılan vəsaitin həcminin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı addımlar atmağı planlaşdırılır.

E. Rüstəmov əlavə edib ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün alman ipoteka modeli də nəzərdən keçirilir: "Tikinti" və "Əmanət bankları" haqqında qanun layihəsi artıq hazırdır. Bu olduqca ciddi bir institutdur. Almaniyanın müharibədən sonrakı dağıdılmış mənzil təsərrüfatının bərpasında müstəsna rol oynayıb. Bu bankın aktivləri Almaniyanın ÜDM-nin 30%-ni təşkil edir. Bu, dövlətin iqtisadi canlanma, məşğuliyyət, büdcəyə daxil olan vəsaitlərin artırır. Bu modelin üzərində ciddi düşünürük".

E. Rüstəmov vurğulayıb ki, Azərbaycanda ipoteka sisteminin yenidən qurulması istiqamətində ardıcıl addımlar atılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə