Masallıda sahibkarların iştirakı ilə müzakirələr aparılıb

Masallıda sahibkarların iştirakı ilə müzakirələr aparılıb

Masallıda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların iştirakı ilə "Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması, nailiyyətlər və perspektivlər" mövzusunda növbəti müzakirələr keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə sahibkarlarla yanaşı, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı Nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümayəndələri iştirak edib.

Müzakirələrdən əvvəl tədbir iştirakçıları Lənkəran iqtisadi rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə 30-dan çox sahibkarlıq subyektinin ixracyönümlü və rəqabətqabiliyyətli 100-dən çox çeşiddə məhsulları nümayiş olunub.

Sonra müzakirələrdə çıxış edən İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi inkşafdan söz açıb. Bildirib ki, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, yaradılmış əlverişli biznes və investisiya mühitinə uyğun olaraq regionlarda yeni və yerli resurslara əsaslanan müasir müəssisələrin yaradılıb, rəqabətqabiliyyətli məhsul istehsalı genişlənib və ixrac imkanları artıb. Nazir müavini qeyri-neft sektorunda istehsal olunan ixracyönümlü yerli məhsulların ənənəvi bazarlarla yanaşı, bir sıra yeni xarici bazarlara da ixrac edildiyini vurğulayıb. Bununla belə, ixrac imkanlarının daha da genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Özəl sektorun inkişafına kompleks dövlət dəstəyi, dövlət proqramlarının icrası, sahibkararın güzəştli kreditlər hesabına maliyyələşdirilməsi, biznes inkubatorların yaradılması və s. kimi tədbirlər sahibkarlığın inkişafını stimullaşdırır, ixrac imkanlarını daha da artırır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə