Vüqar Bayramov: “Azərbaycana 103 min avtomobil gətirilib” Açıqlama

Vüqar Bayramov: “Azərbaycana 103 min avtomobil gətirilib” Açıqlama

"Azərbaycana gətirilən avtomobillərin idxalında azalma müşahidə edilir. Avtomobillərin idxalının azalması ölkəmizdə "Avro Standartı"nın tətbiq edilməsi ilə bağlıdır. Daha doğrusu Azərbaycan bu il aprelin 1-dən başlayaraq, "Avro Standartı"nın tətbiqini həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O, ölkədə tətbiq edilən Avropa Standartı haqqında məlumat verərək, artıq Azərbaycanda avtomobillərin getdikcə yeniləndiyini ifadə edib: " "Avropa Standartı" tətbiqinin həyata keçirilməsi təbii ki, köhnə avtomobillərin Azərbaycana gətirilməsini qadağan edir. Nəzərə almaq lazımdır ki, Azərbaycana gətirilən avtomobillərin bir qismi əvvəlki illərdə istehsal edilən köhnə avtomobillər idi. Xüsusən Avropa ölkələrindən köhnə avtomobillərin Azərbaycana gətirilməsi həyata keçirilirdi. Köhnə avtomobillərin ölkəyə gətirilməsinin qadağan edilməsi, Azərbaycana gətirilən avtomobillərin ümumi sayına təsir göstərdi. Artıq Avropadan 2003-cü ilə qədər istehsal olunmuş avtomobillərin ölkəyə gətirilməsi qadağandır. Yaponiyadan isə, 2011-ci ilə qədər istehsal olunmuş avtomobillərin gətirilməsinə icazə verilmir. Bu, avtomobillərin ölkəyə gətirilməsinə təsir göstərir və avtomobillərin sayında azalma müşahidə olunur".

Ekspert qeyd edib ki, Azərbaycana gətirilən avtomobil sayındakı azalma təkcə "Avro 4 Standartı"nın tətbiqi ilə bağlı deyil. Kreditlərin verilməsi şərtlərində ağırlaşmalar da ölkəyə gətirilən avtomobillərin sayına ciddi təsir edir: "İlkin ödəniş məbləği bu ilin yanvarından başlayaraq avtomobil kreditləri üçün artırıldı və artıq yeni avtomobillər üçün ilkin ödəniş məbləği 40%-ə, köhnə avtomobillər üçün isə 80%-ə qədər yüksəldi. Bu baxımdan kreditlərin verilməsi şərtlərinin dəyişdirilməsi və nisbətən ağır şərtlərlə təklif olunması bankların öz kreditlərini siğortalaması üçün daha ağır şərtlərlə kreditlər təklif etməsinə gətirib çıxarır. Bu da birmənalı şəkildə satılan və ölkəyə gətirilən avtomobillərin sayına təsir göstərir".

Bundan başqa, Vüqar Bayramov ölkəyə gətirilən avtomobillərin statistikasından danışıb: "Ölkəyə idxal ediləcək avtomobillərin sayında 30 faizə qədər azalmanın müşahidə edilməsi gözlənilir. 2013-cü ildə Azərbaycana 103 min avtomobil gətirildi. Bunların da 94 mini minik avtomobilləri idi. Güman olunur ki, məhz həm kredit şərtlərinin ağırlaşması, həm də "Avro 4 Standartı"nın tətbiqi ilə bağlı olaraq 2014-cü ildə Azərbaycana idxal olunan avtomobillərin sayında təxminən 30 faizə qədər azalma müşahidə ediləcək. Azalmanın olmasına baxmayaraq, təbii ki digər müsbət məqam ondan ibarətdir ki, Azərbaycanın avtomobilləri yenilənir. Ölkəyə gətirilən avtomobillər artıq "Avro 4 Standartı"na uyğun və yeni istehsal olmuş avtomobillərdir ki, bu da təbii ki həm ekoloji baxımdan, həm də bütövlükdə təhlükəsizlik baxımından daha arzuolunandır".

Bütün xəbərlər Facebook səhifəmizdə