“Excelsior Hotel Baku” otelinin "Belveder restoranında" milli mətbəx günü keçirilib FOTOLAR

16 oktyabr tarixində "Excelsior Hotel Baku" otelinin Belveder restoranında milli mətbəx günü keçirilib. "Excelsior Hotel Baku" oteli yeni layihələrindən birinə start verib. Otelin baş aşbazı Durmuş Güneş tərəfindən keçirilən master klasda milli yeməklərimiz təqdim edilib. Düşbərə, ləvəngi, mimoza və paxlava kimi təamlar təqdim olunub. Xüsusilə diqqət çəkən məqam isə yeməklərin hərkəsin evdə bişirə biləcəyi şəkildə sadə tərkiblərdə olması idi. Media nümayəndələrinə təqdim olunan yeməklər böyük rəğbətlə qarşılandı. Dursun bəy Səs TV-yə müsahibəsində növbədə İtalya, Fransa, Yaponiya, Avusturya, Türkiyə kimi Dünya mətbəxlərindən də master-klaslar keçiriləcəyini vurğuladı.

Yeməklərin reseptləri ilə tanış olun:

Düşbərə 4-6 porsiya üçün nəzərdə tutulub:

Ərzaqlar:

Xəmir üçün: 2 stəkan əla növ un, 1çay qaşığı duz ,1 yumurta ,2-3 stəkan ilıq su

İçi üçün: 250g çəkilmiş qoyun və ya mal əti və yaxud ikisinin qarışığı 1 ədəd kiçik baş soğan-xırda-xırda doğranmış 1 çay qaşığı duz 1 çay qaşığı istiot.

Suyu üçün: 3 xörək qaşığı duru yağ və ya kərə yağı,1 ədəd kiçik baş soğan xırda-xırda doğranmış 1 çay qaşığı duz 1 çay qaşığı istiot.

Üstünə sərpmək üçün: xırda-xırda doğranmış təzə keşniş və ya quru nanə. Yanına süfrəyə vermək üçün: Sirkə-sarımsaq: üzüm sirkəsinə bir neçə dilim əzilmiş sarımsaq əlvə edib qarışdırın.

Hazırlanması: 1. Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, duz, yumurta və suyu qarışdırın. Alınan kütləni azacıq unlanmış taxta və ya masaya qoyub, əlinizlə xəmir yoğurun. Xəmir elastik olmalıdır. Xəmiri qaba qoyub, üstünü çay dəsmalı ilə örtün və kənara qoyun ki, xəmir dincəlsin. Bu müddət ərzində içi hazırlayın. 2. İçi hazırlamaq, üçün bir qaba əti, soğanı duz və istiotu qoyub, yaxşıca qarışdırın. 3. Masanızı və ya taxtanızı unlayın, və xəmirinizi oxlovla 40 cm diametri olan çox nazik dairəyə açın. 4. Açtığınız xəmiri iti bıçaqla 2.5 cm-lik kvadratlara kəsin. Hər kvadratın ortasına bir çimdik iç qoyun. 5. Kvadratın iki əks ucunu bir yerə gətirib yapışdırın. Alınan üçbucaqın iki ucunu şəkildə gördüyünüz kimi birləşdirin. Qeyd: Düşbərə bəzən üçbucaq deyil düzbucaq kimi bükülür və sonra düzbucağın iki ucu birləşdirilir. Alınan düşbərələri aralı-aralı azca unlanmış siniyə düzün. 6. Düşbərənin suyunu hazırlayın. Bunun üçün yağı qızdırın və soğanı bu yağda yumşalanadək qızdırın. Tomat əlavə edin və qarışdıra-qarışdıra yarım dəqiqə bişirin. Duz əlavə edib qarışdırın Sonra isə su əlavə edib qaynadın. 7. Odun altını biraz azaldın. Düşbərələri qazana töküb təxminən 7-10 dəqiqə ərzində bişirin. Hazır düşbərələr suyun üzünə qalxacaq. Dadına baxın əgər xəmir yumşaqdırsa, düşbərəni oddan kənara çəkin. 8. Hazır düşbərəni kasalara qoyub, üstünə ya təzə keşniş, ya da ki quru nanə səpin. Süfrəyə sirkə-sarımsaqla verin..Nuş olsun!

Mimoza Salatı

Ərzaqlar: 450 qram dərisiz və sümüksüz toyuğun döş əti,1 çay qaşığı duz ( toyuğun qaynadığı suya əlavə etmək üçün),1 çay qaşığı xırda doğranmış qoz ləpəsi,3 ədəd orta boy kartof,2 ədəd yumurt,3 ədəd orta boy yerkökü, zövqə görə duz,6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaqda olar) +6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaqda olar),rəndələnmiş Holland pendiri..

Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzu azaldın ki, salat çox duzlu olmasın. Qeyd2: Mimoza salatını balıqlada düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından(rusca selyotka) istifadə edin.

1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.

2. Kartof, yerkökü və yumurtaları bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.

3. Hazırladığımız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.

Toyuq ətinin yarısı, xama-mayonez qarışığı, qozun yarısı, kartofun yarısı, duz, xama-mayonez qarışığı, yumurtaların yarısı, duz, yerkökünün yarısı, xama-mayonez qarışığı.

4. Axırıncı üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin (bəzən pendir yerinə nar dənələri qoyulur)

Nuş Olsun!

Toyuq Ləvəngi:

Ərzaqlar: 1,5 kiloluq toyuq ,göyərtili yağ qarışığı: 100 qram kərə yağı Xırda doğranmış təzə göyərti qarışığı-kəklikotu, cəfəri, bibəriyə, reyhan tərxun( əlinizin altında adı çəkiləm bütün və ya istənilən göyərti qarışığını istifadə etmək olar) .Yarım limon şirəsi yarım portağal şirəsi ,əzilmiş beş diş sarımsaq(sarımsaq əzəndən istifadə edə bilərsiniz) Duz və qara istiot. Qoz içliyi: 2 orta ölçülü quru soğan ,4 stəkan ət maşınından keçirilmiş qoz ləpəsi(xırda üyüdülmüş amma toz halında olmayan).Yarım stəkan narşərab ,2 çay qaşığı duz(zövqə görə dəyişir) .Yarım çay qaşığı narın qara istiot(zövqə görə dəyişir) Sous: 4 stəkan xörək qaşığı toyuq bulyonu ,55 qram kərə yağı ,yarım stəkan un.. Hazırlanma qaydası: Toyuğun içalatını təmizləyin və boynunu kəsib ayırın. Sonradan istifadə edəcəyiniz bulyonu hazırlamaq üçün kəsdiyiniz boynunu su ilə dolu orta ölçülü qazanda 1 saat orta istilikdə qaynadın. Bulyonu kənara qoyun. (lazım olacaq) .Toyuğun dərisi üstündə qalsın onun içini və çölünü axar su altında yuyun. Daha sonra suyu süzülənədək qurulayın. Toyuğun içini və çölünü duzlayın və istiotlayın. Kənara qoyun. Göyərtili yağ qarışığını hazırlamaq üçün orta ölçülü tavada orta istilikdə yağı bir az əridin(krem halına gələnədək). Hazır olduqdan sonra dərin qaba və ya kasaya boşaldın, üstünə limon və portağal şirələrini, doğranmış göyərtiləri, sarımsağı və zövqə görə duzla istiotu da qatın. Yaxşı qarışdırın. Toyuğun döş hissəsinin üstündə olan dərini bir qədər qaldırın, ətdən aralansın, amma qopmasın. Dərinin altına göyərtili yağın yarısını əlinizlə yayın Toyuğun çölünə də qalan yağ qarışığını sürtün.Daha sonra ya soyuducuya qoyub ertesi günü ya da həmin gün içini doldurub bişirin. Içliyi hazırlayın. Soğanları ya ət maşınından ya da mətbəx kombaynerindən keçirin. Tənzifə doldurub sıxın ki suyu tamamən çıxsın Xırdalanmış qoz ləpələrini, narşərabı, duz və istiotu suyu sıxılmış soğana elavə edin. Qarışdırın, duzu və istiotu zövqə görə əlavə edin. Narşərabın miqdarını artırmaq lazım ola bilər, ona görə qarışdırdıqca dadına baxın və zövqə görə qerar verin. Toyuğun hazırladığınız içliylə doldurun və ayaqlarını mətbəx sapı ilə bağlayın. Toyuğu telli formanın üstünə yerləşdirərək, 160c dərəcəlik sobada 3 saat yarım və ya 4 saat müddətində bişirin. Bu müddət ərzində hər yarım saatdan bir hazırladığınız toyuğun bulyonundan (toyuğ bulyonu da ola bilər) yarım stəkan toyuğun üzərinə gəzdirin. Sousu hazırlayın. Sobadakı formanın dibinə yığılan toyuğun şirəsini bir qazana boşaldın. Bu şirə azdırsa hazırladığınız bulyondan da buraya elave edin ki, toplam 4 stəkan alınsın. Ayrıca bir tavada yağı əridib üzərinə un əlavə edin və qarışdırın. Yağ qarışığını bulyona elavə edin 10 dəqiqə qatılaşanadək qarışdırın. Çox qatı alınsa bir az da bulyon elavə edə bilərsiniz. Toyuğu bölüb iri bir qaba yerləşdirin. Ləvəngisini isə ayrıca bir kasada süfrəyə verə bilərsiniz. Sousu da ayrıca sous qabına töküb süfrəyə qoyun, Qeyd edim ki sous Amerika mətbəxinə aiddir. Toyuğ üstünə sousdan bir az tökülərək yeyilir. Sousun hazırlanması zəruri deyil…Nuş olsun!

Bütün xəbərlər Facebook səhifəmizdə