Hazırda Azərbaycanda 240 minə yaxın arı ailəsi var

Hazırda Azərbaycanda 240 minə yaxın arı ailəsi var

Son illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı ilə yanaşı, aqrar sahədə də bir çox nailiyyətlər əldə olunub. Bu sözləri, Kənd Təsərrüfatı Nazirliyinin hеyvаndаrlıq məhsullаrının istеhsаlı, еmаlı, dаmаzlıq işi və оtlаqlаr şöbəsinin müdiri Qalib Əbdüləliyev Bakıda arıçılığa həsr olunmuş "dəyirmi masa"da söyləyib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, "dəyirmi masa"da Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, alimlər, arıçılar iştirak edib.

"Heyvandarlıq sahəsində görülmüş tədbirlər nəticəsində heyvandarlıq məhsullarının istehsalı artıb, mal-qara və quşların məhsuldarlığı xeyli yüksəlib", - deyən Q.Əbdüləliyev diqqətə çatdırıb ki, arıçılığın inkişaf etdirilməsində də müsbət irəliləyişlərə nail olunub.

Onun sözlərinə görə, son vaxtlar ölkədə arıçılığa maraq artıb. Hazırda respublika üzrə 240 minə yaxın arı ailəsi vardır. Respublikanın rayonlarında mövcud olan arıxanalar müvafiq qanunvericiliyə uyğun qaydada qeydiyyata götürülərək onlara baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi) verilir. Arıçılıqla məşğul olan sahibkarların istehsal etdikləri bal və digər məhsullarının keyfiyyəti rayonun əhatə olunduğu zona baytarlıq laboratoriyası tərəfindən yoxlanılaraq müvafiq ekspertiza rəyi verilir.

Tədbirdə arıçılıq sahəsində mövcud olan problemlər, o cümlədən arıxanaların qeydiyyatı sisteminin yaradılması, damazlıq tədbirləri şəbəkəsinin genişləndirilməsi, arıçılıq məhsullarının marketinqinin təşkili, normativ-texniki sənədlərin hazırlanması, elmi-tədqiqat işləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə