Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfrans keçirilib FOTO

Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfrans öz işinə başlayıb. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə cari ilin may ayından başlanan sədrliyi çərçivəsində bu gün Bakıda Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iki gün davam edəcək Konfransda AŞ-nın üzvü olan 23 ölkənin, AŞ Katibliyinin və Azərbaycanın dövlət qurumlarının, ölkəmizdə akkreditasiya olunan diplomatik nümayəndəliklərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla AŞ arasında əlaqələrin daim inkişaf etdiyini, 2001-ci ildən AŞ-nın üzvü olan ölkəmizin indiyədək Təşkilatın insan hüquqları ilə bağlı 60-a yaxın konvensiyasını ratifikasiya etdiyini qeyd edib.

S. Müslümov bildirib ki, sosial birlik və sosial davamlılıq, sosial ədalətin təminatı Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin dinamik inkişafına xidmət edən siyasətinin mühüm tərkib hissəsidir və ölkəmiz hər zaman sosial birlik prinsipinə sadiq qalır: "Ölkəmiz 2002-ci ildə AŞ-nın İnsan hüquqlarının və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyasını, 2004-cü ildə Avropa Sosial Xartiyasını ratifikasiya edib. Ötən müddətdə ölkəmiz həmçinin Avropa Şurasının müvafiq qurumları ilə konstruktiv əməkdaşlıq qurub. konfransda aparılacaq müzakirələrin Sosial Birlik üzrə Strategiyanın 2015-ci ildə nəzərdə tutulan icmalı və yenidən işlənməsi üçün faydalı olacağına əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

AŞ Nazirlər Komitəsinin sosial və səhiyyə məsələləri üzrə məruzəçi qrupunun sədri Ana Vukadinovic Azərbaycanın AŞ-na daxil olduqdan sonra ötən dövrdə Təşkilatın qabaqcıl Avropa dəyərlərini əks etdirən və mühüm fəaliyyət sahələrinə dair 60-a yaxın konvensiyasını ratifikasiya etməsinin və onların icrası sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb.

A.Vukadinovic bildirib ki, güclü iqtisadi inkişafa, işsizliyin və yoxsulluğun kəskin şəkildə azaldılmasına nail olan Azərbaycanda sosial birlik prinsiplərinin reallaşmasına xidmət edən tendensiyaların güclənməsi AŞ-nın müvafiq prioritetlərinə uyğundur: "Ümumiyyətlə, AŞ-na üzv ölkələrdə sosial birlik üzrə qazanılan uğurlu təcrübələrin qarşılıqlı mübadiləsi, eyni zamanda mövcud maneələrin müzakirə olunaraq həll yollarının axtarılması belə tədbirlərin əsas məqsədidir. Keçirilən bu konfransın da qeyd olunan istiqamətdə növbəti uğurlu addım olacağı şübhəsizdir".

AŞ Baş Katibliyinin nümayəndəsi, İnsan ləyaqəti və bərabərlik direktoratlığının ayrı-seçkiliklə mübarizə və sosial birlik departamentinin rəhbəri Mariya Oçoa-Llido daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycanın bununla sosial birlik prinsiplərinin ölkələr arasında təbliği və reallaşmasında, müvafiq məlumat və təcrübə mübadilələrinin aparılmasında fəal iştirak etmək əzmi kimi qiymətləndirib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə iqtisadi tərəqqi proseslərinin eyni zamanda sosial siyasət kursunun güclənməsi ilə müşahidə olunduğunu vurğulayıb. Komitə sədri sosial hüquqlar sisteminin mühüm beynəlxalq sənədlər, o cümlədən AŞ-nın konvensiyaları əsasında təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib. O, Azərbaycanın müasir bir dövlət olaraq sosial birlik sahəsində mütərəqqi beynəlxalq prinsipləri tətbiq etmək əzmində olduğunu ifadə edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev sosial birliyin təmin olunmasına yönələn səylərdə həmkarlar təşkilatlarının rolundan söz açıb, ölkəmizdə sosial tərəfdaşlıq əlaqələrinin daim möhkəmləndiyini vurğulayıb. S.Mehbalıyev işləyən şəxslərin əmək və sosial hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi sahəsində də AŞ-na üzv ölkələr arasında fəal təcrübə mübadilələrinin əhəmiyyətindən söz açıb.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev çıxışında Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya modelindən, yeni sistemin yüksək sosial səmərəliliyindən danışıb.

Konfrans plenar sessiyalarla işini davam etdirib. Sessiyalarda "Böhran dövründə sosial birlik və Avropa sosial modeli mövzusuna giriş", "Avropa Şurasının üzv dövlətlərində Sosial Birlik üzrə Yeni Strategiya və Fəaliyyət Planının icrası və ən yaxşı milli təcrübələrin mübadiləsi", "Sosial Birlik üzrə Yeni Strategiya və Fəaliyyət Planının qəbulundan (2010-cu il) sonra sosial siyasətlərin inkişafı", "Ev sahibliyi edən ölkədə ünvanlı sosial birlik siyasətləri və ən yaxşı təcrübələr", "Daha inklüziv cəmiyyətlərin mövcud və gələcək çətinlikləri" və s. mövzularda müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə