“Şərq Tərəfdaşlığı” ölkələri energetika nazirlərinin qeyri-rəsmi görüşü keçirilib
Bu gün Energetika Nazirliyində Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin energetika nazirlərinin dördüncü qeyri-rəsmi görüşü başlayıb. SİA-nın verdiyi məlumata görə, görüşdə energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Gürcüstanın energetika naziri Kaxa Kaladze, Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan, Moldova Respublikasının iqtisadiyyat naziri Adrian Kandu, Belarusun energetika nazirinin müavini Vadim Zakreviski və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə görüş iştirakçılarını salamlayan Azərbaycanın energetika naziri Natiq Əliyev ölkədə həyata keçirilən iqtisadi layihələr və enerji sektorunda aparılan islahatlar barədə məlumat verib. Nazir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan və ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivlərindən söhbət açıb: "Bu gün Azərbaycan ildə 41 mln. ton neft, 20 mlrd. kilovatdan artıq elektrik enerjisi istehsal edir. Azərbaycan artıq enerjinin diversifikasiyası məsələlərini tam olaraq həll edib. Azərbaycanın 4 neft-qaz kəməri var ki, bununla da Azərbaycanın enerjisini və yanacağını dünya bazarlarına çıxarır. Azərbaycanın Yunanıstan, Avstriya və digər Avropa ölkələri ilə bağlı özünün enerji planları və proqramları var. Bu proqramlar da Azərbaycanı Avropa ilə birləşdirəcək".
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger çıxış edərək səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin mövcud vəziyyətindən danışıb. O, bu görüşün həm Avropa, həm də region üçün əhəmiyyətli enerji resurslarına malik bir ölkədə - Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayıb: "Avropa İttifaqı üçün enerji təchizatının şaxələndirilməsi olduqca vacibdir. Azərbaycan regionda həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır. Hesab edirəm ki, Cənub dəhlizi ilə Azərbaycanın Avropaya çox etibarlı bir çıxışı yaranacaq. Bu da bizim əlaqələrimizin inkişafı üçün uzunmüddətli perspektivlər açır".
Sonra çıxış edən Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle təmsil etdiyi qurumun siyasi və iqtisadi islahatlar aparılmasında Azərbaycana dəstək vermək əzmində olduğunu diqqətə çatdırıb: "Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı kimi çıxış edir və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verməkdədir".
Görüş "Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələrində enerji təchizatı marşrutlarının diversifikasiyası və enerji təhlükəsizliyi" mövzusunda müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, sonda mətbuat konfransı keçirilib və jurnalistlərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB