Tovuzlu fermerləri sahələrdən bol kartof məhsulu əldə edirlər
Kartof taxıldan sonra ikinci mühüm ərzaq məhsulu sayılır və bitkiçilik məhsulları istehsalında önəmli yer tutur. Azərbaycanda kartofun məhsuldarlığı orta hesabla hektardan 150 sentner təşkil edir. Məhsuldarlığın yüksəldilməsində yeni texnologiyaların tətbiqi, intensiv sortlardan istifadə ilə yanaşı, kartof bitkisinin vegetasiya müddətində, istehsal edilmiş məhsulun isə saxlanma yerlərində zərərli orqanizmlərdən mühafizəsi mühüm əhəmiyyət daşıyır. Hazırda kartof bitkisinin zərərli orqanizmləri arasında potensial təhlükəli növ olan kartof güvəsi vegetasiya müddətində və saxlanma dövründə vurduğu ziyana görə ilk yerdə durur. Kartof güvəsi məhsuldarlığı xeyli aşağı salmaqla yanaşı, məhsulun toxumluq və əmtəəlik keyfiyyətini də korlayır.
Kartof güvəsi respublika ərazisində 2003-cü ildən etibarən yayılmağa başlamışdır. Bu ziyanverici əsasən Tovuz, Şəmkir, Cəlilabad və Masallı rayonlarında yayılmışdır və kütləvi məhsul itkisi törədir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Camal Quliyev bildirmişdir ki, qurum tərəfindən bu il Tovuz rayonunda "Respublika ərazisində kartof güvəsinin (Phthorimaea opercuella Zell.) yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planı"nın həyata keçirilməsi nəticəsində rayon ərazisində zərərvericinin yayılma ocaqlarının və vurduğu zərərin minimuma endirilməsinə nail olunmuşdur.
Artıq Tovuz rayonunun Əyyublu, İbrahim Xəlil, Düz Qırıxlı, Alakol kəndlərində kartof yığımına başlanmışdır. Sahələrdən bol və sağlam məhsul toplanılır.
Cari ildə respublika üzrə kartof güvəsinin yayılma ocaqlarının məhv edilməsi məqsədilə 17709 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir.
Tovuz rayonunun Eyyublu kənd sakini, kartofçuluqla məşğul olan fermer Zabit Musayev bildirmişdir ki, cari ildə 24 hektar sahədə kartof yetişdirmişdir. Hazırda sahələrdən bol məhsul toplanır. Hər hektardan orta məhsuldarlıq 270 sentnerdən yuxarıdır. Məhsul artımına səbəb kartofçuluğa ziyan vuran kartof güvəsinə qarşı aparılan məqsədyönlü profilaktiki tədbirlərdir. Rayonun Alakol kənd sakini, fermer Mehman Məmmədov isə 5 hektar sahədə kartof becərdiyini və torpaqdan bol məhsul götürdüyünü diqqətə çatdırmışdır.
Fermerlər və torpaq mülkiyyətçiləri əvvəlki illərdə kartof güvəsinə qarşı mübarizədə lazımi dəstəyin olmaması nəticəsində külli miqdarda ziyana düşdüklərini və bu il zərərvericiyə qarşı səmərəli mübarizə tədbirlərinin aparıldığına görə Kənd Təsərrüfatı Nazirliyinə və onun müvafiq qurumlarına minnətdarlıqlarını bildirirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB