“Neft Daşları” yatağında iriləşdirilmiş neftyığma məntəqəsi tikilir
"Neft Daşları"nda iriləşdirilmiş neftyığma məntəqəsinin tikintisi işləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqaztikinti" tresti tərəfindən uğurla davam etdirilir. ARDNŞ-in mətbuat xidmətindən bildirmişlər ki, "Neft Daşları" neft və qazçıxarma idarəsinin köhnəlmiş iriləşdirilmiş seperasiya qurğularının yeniləri ilə əvəz edilməsi, Xəzər dənizinin neft məhsulları ilə çirklənməsinin qarşısının alınması üçün mərkəzləşdirilmiş qaydada lay sularının yığılması və utilizasiyası sistemlərini yaratmaqla ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə həyata keçirilən inşaat işləri dörd buraxılış kompleksindən ibarətdir. Bunlar, 1A və 2A saylı iriləşdirilmiş seperasiya qurğuları, mərkəzi neftyığma məntəqəsi, 3A və 4A saylı iriləşdirilmiş seperasiya qurğuları, 5 və 5A saylı iriləşdirilmiş seperasiya qurğuları kompleksləridir.
Hazırda 1A və 2A saylı iriləşdirilmiş seperasiya qurğularının və mərkəzi neftyığma məntəqəsinin tikintisi üzrə işlər davam etdirilir. 1A və 2A saylı iriləşdirilmiş seperasiya qurğuları yerləşən meydançaların hidrotexniki hissəsi tikilib başa çatdırılmışdır. Texnoloji avadanlıqların quraşdırılması və müxtəlif diametrli borularla əlaqələndirilməsi işləri yekunlaşmaq üzrədir. Bundan başqa, mərkəzi neftyığma məntəqəsi yerləşən meydançanın hidrotexniki hissəsi də tikilib başa çatdırılmış və müxtəlif diametrli borularla neft və lay suyu xətləri çəkilmişdir. Mərkəzi neftyığma məntəqəsi ilə əmtəə çənləri parkı arasında uzunluğu 5500 metr olan 8 düyməlik maye xəttinin çəkilişi və nasosxana binasında işlər artıq tamamlanmaq üzrədir. Seperasiya qurğularının və məntəqənin tikintisinin cari ilin sonunda başa çatdırılması nəzərdə tutulur.
Obyektlərdə tikinti-quraşdırma işləri "Neftqaztikinti" trestinin 7 saylı tikinti-quraşdırma idarəsi tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB