Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub
Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamı ilə bu gün "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı kimi təsis edilib. SİA-nın xəbərinə görə, bu münasibətlə su təsərrüfatı və meliorasiya işçiləri Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı və "Azərsu" ASC-nin yaranmasının 10 illik yubileyi ilə əlaqədar Səhmdar Cəmiyyətdə geniş tədbir keçirilib. Əvvəl su təsərrüfatı tarixi və "Azərsu" ASC-nin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək bildirib ki, su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsidir: "Azərbaycanın su təsərrüfatı sektoru böyük tarixi yol keçib. Bu sahədə çoxminli işçi ordusu formalaşıb. Ötən əsrin əvvəllərində Birinci və İkinci Bakı su kəmərlərinin çəkilişində su təsərrüfatı işçiləri böyük fədakarlıq nümayiş etdiriblər. İstehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin əsas hissəsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin rəhbərliyi ilə Kür və Ceyranbatan su mənbələrindən istifadə sahəsində görülən işlər Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatının yaxşılaşdırılmasına töhfələr verib. Ulu öndərin göstərişi əsasında hazırlanan "Böyük kanalizasiya" layihəsi çərçivəsində "Şəhərkənarı", "Sənaye" və "Sahil" kollektorları tikilib, Hövsan Aerasiya Stansiyası istismara verilib.
Sədr həmçinin qeyd edib ki, ölkənin içməli su təchizatı və kanalizasiya sektorunun 2004-cü ildən sonrakı tarixi "Azərsu" ASC-nin fəaliyyəti ilə bağlıdır: "Prezident İlham Əliyevin 11 iyun 2004-cü il tarixdə imzaladığı sərəncamla Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin "Azərsukanaltəmir" və "Azərkəndsutəchizat" istehsalat birlikləri, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyinin əsasında "Azərsu" ASC yaradılmış və bundan sonra su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoyub: "Su təsərrüfatı sektorunda ötən 10 ilin ən böyük hadisəsi Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin tikilib istismara verilməsi olub. Bu kəmər paytaxtın su təminatında ciddi dönüş yaradıb. Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun və Ceyranbatan-Pirallahı magistral su kəmərinin tikintisi həyata keçirilib. Bölgələrin içməli su təchizatının təmin olunması məqsədi ilə Külüllü və Şirvan-Muğan qrup su kəməri layihələri həyata keçirilib, şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrin icrasına başlanılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində regionlarda əhalinin 55 faizi, Bakı şəhərində 78 faizi fasiləsiz içməli su ilə təmin olunmuşdur. Bütün bu nailiyyətlərin əldə olunmasında su təsərrüfatı işçilərinin böyük xidmətləri var".
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 4 iyun tarixli sərəncamları ilə su təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə "Azərsu" ASC-nin 19 əməkdaşı fəxri adlar və medallarla təltif olunublar. Onlardan 3 nəfəri "Əməkdar mühəndis" adına layiq görülüb, 16 nəfəri isə "Tərəqqi" medalı ilə mükafatlandırılıb.
"Tərəqqi" medalına layiq görülən "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktor müavini Vəli Həsənov, Su təchizatı sistemlərinin idarəolunması şöbəsinin mühəndisi İlhamə Orucəliyeva su təsərrüfatı işçilərinin əməyinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib, bundan sonrakı əmək fəaliyyətində də qarşıya qoyulan vəzifələri şərəflə yerinə yetirəcəklərini vurğulayıblar.
Su təsərrüfatının inkişafında xüsusi xidmətlər göstərən və əmək fəaliyyətində fərqlənən 105 əməkdaş "Azərsu" ASC sədrinin əmri ilə Fəxri fərmana layiq görülüb. Fəxri fərmanla təltif olunan qocaman su təsərrüfatı işçisi Telman Ağayev su təchizatı tarixindən bəhs edib, əmək fəaliyyəti ilə bağlı xatirələrini danışıb.
Daha sonra su təsərrüfatı sektorunda səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim olunub.
Tədbirin sonunda "Azərsu" ASC-nin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB