“Ağdaş” elektrik yarımstansiyası açıldı

“Ağdaş” elektrik yarımstansiyası açıldı

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 220 kilovoltluq "Ağdaş" elektrik yarımstansiyasının açılışında iştirak edib.

Azərbaycanın müstəqil elektrik enerjisi sisteminə malik olması vaxtilə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir. Bu gün Prezident İlham Əliyevin enerji müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkə əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə olan tələbatının tamamilə ödənilməsi, respublikada elektrik enerjisinin ixrac potensialının yaradılması sahəsində energetiklər qarşısında qoyduğu tapşırıqların icrası uğurla davam etdirilir.

Bütün bunların nəticəsidir ki, 10 il əvvəl ölkədə mövcud olan enerji problemləri respublikanın müxtəlif bölgələrində yeni elektrik stansiyalarının və yarımstansiyaların inşası nəticəsində tamamilə aradan qaldırılıb. Dövlətimizin başçısının sərəncam və tapşırıqları əsasında, həmçinin birinci və ikinci Dövlət proqramları çərçivəsində son on ildə Azərbaycanda 17 yeni elektrik stansiyası istismara verilib, 10 min kilometrdən çox elektrik xətləri və 1500-dən çox yarımstansiya inşa edilib və yenidən qurulub.

2006-cı ildən başlayaraq, hər il iki yeni elektrik stansiyası istifadəyə verilib. Bu, Azərbaycanın elektrik energetikası tarixində rekord göstəricidir. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Regionlarda bir-birinin ardınca istifadəyə verilən yarımstansiyalar əhalinin elektrik enerjisi ilə davamlı təminatında həlledici rol oynayır. Bu mənada tikintisi yenicə başa çatan 220 kilovoltluq "Ağdaş" elektrik yarımstansiyası da bölgə üçün mühüm əhəmiyyət kəsb edəcək.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib ki, "Ağdaş" yarımstansiyasının inşası, onun 110 kilovoltluq şəbəkəyə birləşdirilməsi, 220 kilovoltluq ikidövrəli "Abşeron yarımstansiyası - Mingəçevir Su Elektrik Stansiyası" hava xəttinin tikintisi" layihəsi Prezidentin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçirilən ən mühüm layihələrdən biridir. Bu layihəyə əsasən 1949-cu ildə istifadəyə verilib, fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar resurslarını tamamilə başa vuran 220 kilovoltluq 1-ci və 2-ci Mingəçevir hava xətləri yeni xətlərlə əvəz olunub və yeni 220 kilovoltluq "Ağdaş" yarımstansiyası inşa edilib. Xəttin inşasında istifadə edilən xüsusi gücləndirilən, qalvanizə edilən dayaqlar, elektrik naqilləri, yarımstansiyanın metal konstruksiyaları və digər köməkçi avadanlıqlar Sumqayıt Texnologiyalar Parkında istehsal olunub. Yarımstansiyada ən müasir elektrik avadanlığı quraşdırılıb. Bu, respublikada sayca 13-cü 220 kilovoltluq yarımstansiyadır. Yarımstansiyanın şəbəkəyə birləşdirilməsi üçün 60 kilometrdən artıq 110 kilovoltluq hava xətti çəkilib. Bu da ətraf rayonları elektrik enerjisi ilə etibarlı təmin etmək imkanlarını artıracaq.

İnzibati bina ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, yarımstansiya iki avtotransformatordan, 2 açıq paylayıcı quruluşdan, idarəetmə mərkəzindən, xüsusi sərfiyyat üçün 2 transformatordan, ehtiyat xüsusi sərfiyyat mənbəyi olan dizel-generatorundan, qəza yağ qəbuledici tutumundan, yanğından mühafizə sistemindən və digər komponentlərdən ibarətdir.

Bildirildi ki, tikinti zamanı yarımstansiya və xətlərdə 250-dən artıq işçi çalışıb. İstismara verildikdən sonra yarımstansiyada 25-ə yaxın işçi daimi işlə təmin olunacaq. Bütövlükdə bu layihənin icrasının başa çatması nəticəsində 500 kilovoltluq "Abşeron" yarımstansiyası ilə Mingəçevir Su Elektrik Stansiyası arasında əlaqələr güclənəcək, texniki itkilər xeyli azalacaq və ümumilikdə, aran bölgəsinin, o cümlədən Ağdaş, Göyçay, Ucar və Qəbələ rayonlarının keyfiyyətli elektrik enerjisi ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə