Eldar İbrahimov: "Hazırda Naxçıvan MR ölkənin digər bölgələrinə nümunədir" ŞƏRH

Eldar İbrahimov: "Hazırda Naxçıvan MR ölkənin digər bölgələrinə nümunədir" ŞƏRH

"Ölkə rəhbərinin hər il Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunur və burada səfər çərçivəsində dövlət başçısı müxtəlif obyektlərin açılış mərasimində iştirak edir. Bu da dövlət tərəfindən muxtar respublikanın hər zaman diqqətdə saxlanılmasının göstəricilərindən biridir". SİA-ya açıqlamasında Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına etdiyi səfəri şərh edərkən belə deyib.

Onun sözlərinə görə, blokada şəraitində olmasına baxmayaraq, muxtar respublika bir çox sahələr üzrə günü-gündən inkişaf edir: "Azərbaycan Prezidenti İlham Əliyevin və Naxçıvan MR-in Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada genişmiqyaslı inkişaf siyasəti aparılır. Hazırda Naxçıvan Muxtar Respublikası iqtisadi inkişaf sürətinə, quruculuq və abadlıq işləri ilə, sənaye istehsalının artım tempinə görə, ölkənin digər bölgələrinə nümunədir. Artıq bir neçə ildir ki, muxtar respublika özünü kənd təsərrüfatı məhsulları ilə təmin edir. Burada taxıl ehtiyatı fondu var ki, bu da muxtar respublikanın özünü taxıl məhsulları ilə təmin etməsinə xidmət edir. Naxçıvanda avtomobil və mebel istehsalı da yüksək səviyyədə inkişaf edib. Bölgədə yeni obyektlərin açılışı, istehsal müəssisələrinin istismara verilməsi nəticəsində işsizliyin səviyyəsi aşağı düşüb. Bütün bunlar göstərir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında sürətli quruculuq və abadlıq işləri ilə yanaşı, iqtisadi dirçəliş və inkişaf da sürətlə aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə