Ötən il Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi artıb

Ötən il Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi artıb

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Avstriya arasındakı mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bildirilib ki, iki ölkə arasında möhkəm hüquqi baza yaradılıb. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanan 50-dən çox Avstriya şirkəti iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Ötən ildə Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi 85%-ə yaxın artıb. İş adamları arasında əlaqələrin təşviq edilməsində və inkişafında AZPROMO və Avstriyanın analoji qurumunun fəaliyyəti təqdirəlayiqdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Ş.Mustafayev işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymayaraq Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını deyib.

K.Kopf ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Azərbaycanın qazandığı nailiyyətləri yüksək qiymətləndirən qonaq Avstriyanın ölkəmizlə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.

Görüşdə iştirak edən Avstriya şirkətləri fəaliyyətləri barədə məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə