Vüqar Bayramov: “Azərbaycan hesabatda 13-cü yerdədir”

Vüqar Bayramov: “Azərbaycan hesabatda 13-cü yerdədir”

"Azərbaycan Respublikası Prezidenti İlham Əliyev martın 3-də "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, sənəd əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra prosedurların sayının və eləcə də, müddətinin kəskin azaldılması nəzərdə tutulub: "Fərmanın əsas məqsədi sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin minimumlaşdırılmasıdır. Ölkə prezidentinin göstərişinə əsasən, dövlət qurumları bu sahədə əlavələ tədbirlər paketini 2 ay müddətində hazırlamalıdır. Sənəd sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyat zamanı prosedur və müddətlərin azaldılmasını nəzərdə tutur. Qeyd edim ki, Dünya Bankının "Bizneslə Məşğul Olmaq" hesabatına əsasən ölkəmizdə bu sahədə vəziyyət yaxşı hesab edilir. Belə ki, biznesə başlamaq indikatoruna görə, Azərbaycan dünyada 10-cudur. Biznesi qeydiyyatdan keçirmək üçün tələb edilən proseduların sayı 3, günlərin sayı isə 7-dir. Bu göstəriciyə görə, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə orta göstəricidən daha yaxşı vəziyyətə malikdir. İnkişaf etmiş ölkələrinin birləşdiyi bu qurumda sözügedən göstəricilər uyğun olaraq 5 və 11-dir. Bu sahədə fərmandan irəli gələn əsas məqsəd tələb edilən günlərin sayının azaldılması və prosedurun 2-ə endirilməsi istiqamətində olmalıdır.

Fərmanda digər ciddi məqam tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin eləcə də, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılmasıdır. Əslində sözügedən bu iki istiqamət üzrə prosedurların sayının çox olması ölkəmizin Dünya Bankının "Bizneslə Məşğul Olmaq" hesabatında mövqeyinə mənfi təsir göstərir.

Son fərmanda bu istiqamətlərin nəzərə alınması ölkə başçısının bu sahədə qaldırılan məsələlərə diqqət ayırmasından xəbər verir. Məsələ ondadır ki, Azərbaycan tikintiyə başlamaq indikatoruna görə, dünyada 180-ci yerdədir. Belə ki, tikintiyə icazə alınması üçün tələb edilən prosedurların sayı 28, tələb edilən günlərin sayı isə 212-dir. OECD ölkələrində orta göstəricilər müvafiq olaraq 13 və 148-dir. Elektriklə təchizata görə, Azərbaycan hesabatda 181-ci yerdədir. 9 prosedurdan keçmək tələb edən bu iş üçün sərf edilən günlərin sayı 241-dir. OECD ölkələrində orta göstəricilər uyğun olaraq 5 və 80-dir.

Göründüyü kimi, bu göstəricilərə görə, Azərbaycan inkişaf etmiş ölkələrdən geri qalır. Əslində, qeyd edilən iki sahədə prosedurların və tələb edilən müddətin azadılması sahibkalarlara qısa zamanda elektrik ilə təmin olunmaq və tikintiyə başlamaq imkanı verəcək. Bu sahədə həyata keçiriləcək islahatlar hər iki istiqamət üzrə elektron müraciət sisteminin tətbiq edilməsidir. Bu sistem həm prosedurların, həm də tələb edilən müddətin azalmasına imkan verəcək. Bu, eyni zamanda neqativ halların aradan qaldırılmasına şərait yaradacaq. Daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərcləri də azaldılmalıdır. Dünya Bankının sözügedən hesabatına əsasən, ölkəmizdə bu sahədə vəziyyət qənaətbəxşdir. Azərbaycanda hesabatda 13-cü yerdədir. Belə ki, bunun üçün tələb edilən prosedurların sayı 4, günlərin sayı isə 11-dir. OECD ölkələrində bu göstərici uyğun olaraq 5 və 24-dir. Bu isə o deməkdir ki, Azərbaycanda bu sahədə vəziyyət sözügedən quruma üzv olan ölkələr ilə müqayisədə yaxşıdır.

Bununla belə, bu istiqamətdə əsas diqqət günlərin sayının azaldılmasına yönəldilməlidir. Bütün əmlak üzrə ilkin və təkrar hüquqların qeydiyyatının "ASAN" xidmətinin səlahiyyətinə daxil etməklə bu sahədəki prosedurların sayını ciddi şəkildə azaltmaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə