Mərkəzi Bankın məzənnə siyasəti açıqlandı

"2014-cü ildə də Mərkəzi Bankın məzənnə siyasəti valyuta bazarında tarazlığın təmin olunmasına və manatın məzənnəsinin sabitliyinə yönəldiləcək. Dəhliz daxilində ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi növbəti ildə də məzənnə siyasətinin əməliyyat çərçivəsini təşkil edəcək". SİA xəbər verir ki, bu barədə Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Hesabatda növbəti ildən etibarən tədiyyə balansının profisitinin manatın məzənnəsinə təsir edən başlıca makroiqtisadi amil olacağı qeyd olunub: "Məzənnə siyasəti həyata keçirilərkən qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və maliyyə sabitliyinin qorunması hədəfləri də nəzərə alınacaq. Real effektiv məzənnənin əlverişli səviyyədə qalması üçün Mərkəzi Bank daxili inflyasiyanın tərəfdaş ölkələrdəki inflyasiya səviyyəsindən aşağı olmasına çalışacaq".

Bildirilib ki, 2014-cü ildə sərəncamındakı alətlərdən istifadə edərək Mərkəzi Bank pul təklifinin optimal səviyyəsinə nail olmağa çalışacaq: "Pul təklifini tənzimləmək üçün faiz dəhlizi konsepsiyasına uyğun müəyyənləşdirilmiş dərəcələrlə izafi likvidliyin birbaşa tənzimlənməsi və sterilizasiya alətlərindən istifadə olunacaq. Pul kütləsinin artım tempinin azalması meyillərinin 2014-cü ildə davam etməsi inflyasiyaya azaldıcı təsir göstərən amillərdən biri olacaq. Bu meyil büdcə xərclərinin stabilləşdirilməsi şəraitində müşahidə olunur".

"Şaxələnmə strategiyası həyata keçirildikcə, xarici investisiyalar və qeyri-neft ixracı pul kütləsinə təsir edən yeni monetar amillərə çevrilə bilər. Bu amillərin inflyasiyaya təsiri bir qayda olaraq, izafi likvidliyin qiymətli kağızlar vasitəsilə sterilizasiya olunmasına zərurət yaradır. Mərkəzi Bankda makroiqtisadi vəziyyətdən asılı olaraq pul siyasətinin bir neçə variantda tətbiqinin ssenariləri hazırlan. 2014-cü il ərzində qiymət artımının proqnozu üstələmək riski yarandığı təqdirdə, zəruri antiinflyasiya tədbirləri görüləcək. Faktiki inflyasiyanın proqnozdan aşağı olması halında və ya qeyri-neft sektorundakı iqtisadi artım üçün risk yarandıqda isə pul siyasətinin yumşaldılması imkanları diqqətdə saxlanacaq" – deyə, bankın hesabatında bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə