Cari ilin 11 ayında ÜDM-nin həcmi 5,7 faiz artıb

Cari ilin 11 ayında ÜDM-nin həcmi 5,7 faiz artıb

2013-cü ilin on bir ayı ərzində istehsal edilən ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 52,1 milyard manata çatıb, onun 63,5 faizi istehsal, 30,2 faizi xidmət sahələrinin, 6,3 faizi isə məhsula və idxala xalis vergilərin payına düşüb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ÜDM-in hər nəfərə həcmi 5604,2 manat və ya 7142,8 ABŞ dolları olub. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz, qeyri-neft sektorunda isə 9,5 faiz artıb. Qeyri-neft ümumi daxili məhsulunun xüsusi çəkisi 56,0 faiz təşkil edib.

Cari ilin on bir ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 23,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 18,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,7 faiz, informasiya və rabitə xidmətlərində 9,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,4 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,3 faiz, sənayenin sahələrində 1,4 faiz, o cümlədən mədənçıxarmada 1,0 faiz, emal sənayesində 4,1 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 2,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalında 10,3 faiz, sosial və digər xidmət sahələrində isə 3,9 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə