Əli Məsimli: "XXI əsrin ən mühüm layihəsi “Şahdəniz 2” oldu" Münasibət
"Bu gün Bakıda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu layihəni 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə müqayisə etmək yerinə düşər. Buna görə də XX əsrin ən önəmli sənədi "Əsrin müqaviləsi" idisə, XXI əsrin də layihəsi də məhz "Şahdəniz 2" oldu. Layihə dünyada ən iri enerji layihəsidir". SİA-nın məlumatına görə, bu fikirləri Mili Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli "Şahdəniz 2" layihəsinin yekun investisiya sazişinin imzalanmasının əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, layihə üzrə yekun investisiya qərarının qəbul edilməsi Azərbaycanın uzunmüddətli uğurlu iqtisadi inkişafını təmin edəcək: "Mövcud layihə tək biznes layihəsi deyil. Bununla yanaşı, layihə Azərbaycanın müstəqilliyinə real məzmun vermək istiqamətində çox sanballı bir addımdır. Bugünkü addım, həmçinin enerji sahəsində çoxtərəfli əməkdaşlığın yalnız başlanğıcıdır. Azərbaycan artıq energetika sahəsində ikili funksiya yerinə yetirəcək. Belə ki, ölkəmiz Xəzərdən o taya olan neft və qazın Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması istiqamətində, həm də Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayacaq. Bu da Azərbaycanın həm regionda, həm də qlobal miqyasda əhəmiyyətini bir daha artırmış olacaq".
Millət vəkili onu da qeyd edib ki, əgər Azərbaycan Avropa məkanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirak edirsə, o zaman Avropa strukturları da Azərbaycanın əsas müzakirə mövzusu olan Dağlıq Qarabağ probleminin həllində heç olmasa özlərinin imzaladığı sənədlərə hörmət kontekstində məsələyə başqa istiqamətdə münasibət bəsləməməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB