Prezident İlham Əliyev: "Şahdəniz 2" layihəsi dünyada ən iri enerji layihəsidir"
"Bu gün müasir Azərbaycanın tarixində tarixi gündür". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Bakıda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində deyib.
Ölkə rəhbərinin sözlərinə görə, "Şahdəniz 2" enerji layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi Azərbaycanın uzunmüddətli uğurlu iqtisadi inkişafını təmin edəcək: "Şahdəniz 2" layihəsi dünyada ən iri enerji layihəsidir. Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi, bu tarixi layihəyə cəlb olunmuş ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıq layihəsidir".
Dövlət başçısı 19 il əvvəl - Azərbaycanın enerji strategiyasının həyata keçirilməyə başladığı 1994-cü ildə baş verən hadisələri xatırlayıb.
Azərbaycan Prezidentinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi sayəsində müstəqilliyin əldə edilməsindən cəmi üç il, Azərbaycanda vətəndaş müharibəsinin başa çatmasından bir il və Ermənistanla atəşkəs rejimi haqqında razılığın əldə olunmasından dörd ay sonra Azərbaycan əcnəbi tərəfdaşlarla birgə "Əsrin müqaviləsi"ni imzaladı. Bu müqavilə ilk dəfə olaraq Xəzər regionunu xarici investisiyalar üçün açdı və Azərbaycanın uğurlu iqtisadi inkişafını təmin etdi.
Prezident İlham Əliyev bildirib ki, bu, 20-ci əsrin müqaviləsi idi. Dövlət başçısının sözlərinə görə, "Şahdəniz" layihəsi, çox güman ki, 21-ci əsrin layihəsi adlandırılacaq: "Lakin bugünkü mərasimə qədər müstəqil Azərbaycanın inkişafı tarixində bir neçə vacib mərhələ olub. 1996-cı ildə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə müqavilə imzalandı. Daha sonra, 1999-cu ildə Qara dənizlə Xəzər dənizini birləşdirən və Bakıdan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan ilk boru kəməri inşa edildi".
Dövlət başçısı qeyd edib ki, daha sonra - 2006-cı ilin mayında Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verildi: "Bu kəmər ilk dəfə olaraq Xəzər regionunu beynəlxalq bazarlarla, o cümlədən Aralıq dənizi bazarları ilə birləşdirdi. 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən və "Şahdəniz 2" layihəsinin bir hissəsi olan Cənubi Qafqaz qaz kəməri tikildi".
Prezident İlham Əliyevin sözlərinə görə, 2011-ci ildə Azərbaycan və Avropa İttifaqı strateji enerji əməkdaşlığına dair memorandum imzaladı ki, bu sənəd Azərbaycanın enerji strategiyasının inkişafına kömək etdi, enerjinin şaxələndirilməsini və Avropaya qaz ixracını təmin etdi: "2012-ci ildə biz Türkiyə ilə Trans Anadolu qaz kəməri - TANAP üzrə tarixi saziş imzaladıq. Bu il, 2013-cü ildə Trans Adriatik boru kəməri (ТАР) əsas ixrac marşrutu kimi seçildi və indi biz "Şahdəniz 2" üzrə yekun investisiya qərarını imzalayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB