“Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub YENİLƏNİB

“Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olub YENİLƏNİB

Bu gün Bakıda Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə yekun investisiya qərarı qəbul edilib. SİA-nın xəbərinə görə, sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qordon Birrell imzalayıb.

"Azərbaycan Respublikası, Albaniya Respublikası, Xorvatiya Respublikası və Monteneqro arasında Cənub-Şərqi Avropada "Cənub" qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu isə Azərbaycanın energetika naziri Natiq Əliyev, Albaniyanın enerji və sənaye naziri Damian Gjiknuri, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdoljak, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzalayıblar.

Xatırladaq ki, "Şahdəniz 2"-nin təsdiq edilməsi layihənin konsepsiyadan birbaşa reallaşdırılması mərhələsinə keçid deməkdir. "Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır. "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin dəyəri isə 25 milyard dollar qiymətləndirilir.

Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. "Şahdəniz"in işlənməsi üzrə konsorsium iyun ayının sonunda qazın Avropa bazarlarına tədarükü üzrə marşrut qismində Trans-Adriatik boru kəmərini (TAP) seçib. TAP boru kəmərinin ilkin gücü ildə 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr təşkil edəcək. Qazın Türkiyə ərazisi ilə nəqli üçün Trans-Anadolu qaz kəməri (TANAP) tikiləcək ki, bu da tədarükü Avropa sərhədlərinədək təmin etməyə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə