İtaliya mətbuatı Azərbaycanın sürətli inkişafından və paytaxt Bakıdan bəhs edib
İtaliyanın nüfuzlu "Longitude" jurnalında Azərbaycanın sürətli inkişafından və paytaxt Bakıdan bəhs edən məqalə dərc olunub.
Məqalədə bildirilir ki, beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan son illər zəngin enerji ehtiyatlarına və geosiyasi əhəmiyyətinə görə Avropanın və ABŞ-ın ən mühüm strateji tərəfdaşlarından birinə çevrilib. Avropa ölkələrinin enerji ilə təmin olunması üçün yeni marşrutlara və tərəfdaşlara ehtiyac var. Bu baxımdan Azərbaycan qazını Avropaya daşıyacaq "Trans-Adriatik Pipeline" (TAP) layihəsi böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın iqtisadi inkişafından bəhs edən müəllif vurğulayır ki, ölkəmizdəki sürətli dəyişikliyin şahidi olmaq üçün paytaxt Bakının müasir mənzərəsini seyr etmək kifayətdir. Qədim abidələr və müasir incəsənətin rəmzi sayılan "Alov qüllələri" kompleksi və digər çoxmərtəbəli binalar Bakıya xüsusi gözəllik verir.
Yazıda Azərbaycanın energetika naziri Natiq Əliyevin sözlərinə də yer verilib. Ölkəmizdə neft sənayesində əldə olunan uğurlardan söz açan nazir vurğulayıb ki, kəşf edilən yataqlar Azərbaycanın enerji ixracının həcminə müsbət təsirini göstərəcək.
Məqalədə, həmçinin cari ilin oktyabrında ölkəmizdə keçirilmiş prezident seçkiləri barədə də məlumat verilib. Bildirilib ki, İlham Əliyev digər namizədləri böyük səs çoxluğu ilə üstələyərək yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan xalqı ölkəmizdə həyat səviyyəsinin yüksəldilməsinə nail olmuş güclü bir siyasi lider kimi dövlətimizin başçısına böyük etimad göstərir.
Yazıda diqqətə çatdırılır ki, Azərbaycanın bütün qonşu ölkələrlə yaxşı münasibətləri mövcuddur. Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Bu da Azərbaycanda tolerant bir mühitin hökm sürdüyünü bir daha təsdiqləyir.
Müəllif, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Diqqətə çatdırıb ki, münaqişə nəticəsində ölkəmizin 20 faiz torpaqları işğal olunmuş və bir milyondan çox vətəndaşımız öz doğma yurd-yuvalarından didərgin düşüb. Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Minsk qrupunun fəaliyyətindən danışan müəllif yazıda Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun fikirlərinə də yer verib: "Avropanın münaqişəyə münasibəti kifayət qədər təəssüf doğurur. Danışıqlar 20 ildir ki, davam edir. Avropa İttifaqı və beynəlxalq birlik tərəfindən göstərilən bütün cəhdlərə baxmayaraq, biz bu günədək əldə olunan nəticədən narazıyıq. Biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə, bu ərazidə təhlükəsizliyi və demokratik prinsipləri təmin etməyə hazırdır. Lakin Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı qüvvələr daim prosesi boykot etməyə çalışır".
Məqalədə, həmçinin vurğulanır ki, Azərbaycan xalqı Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində tezliklə azad ediləcəyinə inanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB