“Dövlət sektoruna aid binalarda səmərəli enerji satınalmaları”

“Dövlət sektoruna aid binalarda səmərəli enerji satınalmaları”

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ATƏT-in Bakı ofisinin dəstəyi ilə "Dövlət sektoruna aid binalarda səmərəli enerji satınalmaları" mövzusunda konfrans keçirib. SİA-nın xəbərinə görə, konfransda Azərbaycan Respublikası Sənaye və Energetika nazirliyinin şöbə müdiri Ramiz Rzayev, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, ATƏT-in Bakı Ofisinin rəhbəri Səfir Koray Targay və digər rəsmi şəxslər iştirak edib.

Konfransda Strateji Araşdırmalar Mərkəzi və ATƏT-in Bakı ofisi tərəfindən hazırlanan Azərbaycanda ictimai binalarda enerji səmərəliliyinin artırılması üçün həyata keçirilən dövlət siyasətinə dair araşdırmanın təqdimatı keçirilib. Araşdırmada dövlət satınalmalarında xüsusilə yeni binaların tikintisinə diqqət yetirilməklə enerji səmərəliliyi üzrə siyasi təlimatlara dair bir yol xəritəsi təqdim edilir. Bu yol xəritəsi qərar verənlər və maraqlı tərəflər üçün əsas vəzifələri və mümkün alətləri əks etdirir.

Tədbirdə çıxış edən Ramiz Rzayev hazırda ölkəmizin bütün enerji resurslarının istehsalçısı və ixracatçısı kimi tanındığını deyib. Nazirlik rəsmisi bildirib ki, son illərdə dünya bazarlarında enerji resurslarının qiymətinin bahalaşması Azərbaycanın bundan daha səmərəli istifadə etməyə vadar edir: "Qeyd edim ki, Energetika Nazirliyi tərəfindən 2014-2020-ci illəri əhatə edəcək enerji siyasəti proqramı hazırlanır. Proqramda enerji resurslarından daha səmərəli istifadə haqqında bəndlər də yer alacaq".

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Targay isə qeyd edib ki, Azərbaycan enerji istehlakını 100% təmin edir. Onun sözlərinə görə, ölkəmiz enerji səmərəliliyi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirir: "Bu istiqamətdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılmasını xüsusi olaraq vurğulamaq istəyirəm. Bu kimi müəssisələrin sayını artırmaq lazımdır. ATƏT bu tipli layihələrə hər zaman dəstək olacaq".

Daha sonra konfrans "Azərbaycanda enerji səmərəliliyi: perspektivlər və problemlər" mövzulu birinci, "Enerji səmərəliliyi: məktəblərdə konsepti necə tamamlamalı?" mövzulu ikinci panellərlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə