Azərbaycanda ilk dəfə mobil telefonlarda şifahi nitqi və mətnləri rus və ingilis dillərinə və əksinə tərcümə edən proqram istifadəyə verilib. SİA-nın məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin Dilmanc layihəsi çərçivəsində yaradılan Dilmanc mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etmək mümkündür.

Proqrama tərcümə nəticəsində alınan mətni səsləndirmək imkanı da əlavə edilib. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər.

Dilmanc Conversation - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səsləndirilir.

Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da "Dilmanc Translator" axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər.

Layihə rəhbəri Əbülfət Fətullayev gələcəkdə proqramın digər mobil platformalar üçün də hazırlanacağını qeyd edib. Bundan əlavə, layihədə böyük mətnləri Azərbaycan dilindən Rus və İngilis dillərinə və əksinə əvvəlkindən daha yüksək keyfiyyətlə tərcümə edən internet saytının yaradılması üzərində işlər getdiyini bildirib.

Qeyd edək ki, bir neçə ay əvvəl layihə çərçivəsində şifahi nitqi mətnə çevirən sistem istifadəyə verilmişdi. Dilmanc İmla adlanan bu sistemlə keyfiyyətli mikrofondan istifadə edildikdə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli mətn daxil etmək mümkündür. Bu proqram da pulsuz olaraq layihə saytından yüklənə bilər (dilmanc.az).

Bütün xəbərlər Facebook səhifəmizdə