Nəqliyyatda yükdaşınma 3,2 faiz artıb

Nəqliyyatda yükdaşınma 3,2 faiz artıb

Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən on ay ərzində 179,9 milyon ton və ya 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çox yük daşınıb. Dövlət Statistika komitəsindən SİA-ya verilən məlumata görə, sərnişin daşınması 7,8 faiz artıb və 1,4 milyard nəfər təşkil edib.

Bundan başqa rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1,3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 8,5 faiz çox rabitə xidməti göstərilib. Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 13,5 faiz artaraq 744,5 milyon manata çatıb və ümumi gəlirlərin 59,3 faizini təşkil edib.

Həmçinin, yanvar-oktyabr ayları ərzində əhaliyə 15,6 milyard manatlıq istehlak malları satılıb və bu 9,7 faiz artıb. Pullu xidmətlərin həcmi isə 6,9 faiz artaraq 5,1 milyard manata çatıb . Əhalinin istehlak bazarından aldığı malların 8,1 milyard manatını və ya 51,8 faizini ərzaq məhsulları, 7,5 milyard manatını qeyri-ərzaq malları təşkil edib və müvafiq olaraq 1,4 faiz və 21,2 faiz artıb. Bu dövrdə elektron ticarət dövriyyəsi 66,2 faiz artaraq 2 milyard manatı ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə