Elman Rüstəmov Sinqapur Respublikasının nümayəndə heyətini qəbul edib

Elman Rüstəmov Sinqapur Respublikasının nümayəndə heyətini qəbul edib

Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov Sinqapur Respublikasının ticarət, sənaye və milli inkişaf üzrə dövlət naziri Li Yi Şyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MB-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Elman Rüstəmov nümayəndə heyətini salamlayaraq Azərbaycanın keçdiyi inkişaf yolu, müstəqilliyyin ilk illərindəki çağırışlar və hökumətin uğurlu inkişaf strategiyası barədə ətraflı məlumat verib. O, ölkələrimiz arasında iqtisadi islahatların aparılması üzrə oxşarlıqlara nəzər yetirərək, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında Sinqapur inkişaf modelində prioritetlərdən olmuş strateji hədəflər üzrə oxşarlıqları xüsusilə qeyd edib. Görüş əsnasında həmçinin qonaqlara Azərbaycanın pul və məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi və iqtisadi diversifikasiyanın dəstəklənməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Daha sonra dövlət naziri Li Yi Şyan Azərbaycana səfəri zamanı ölkədəki sıçrayışlı inkişafın əyani şahidi olduğundan məmnun olduğunu vurğulayıb. O, Azərbaycanda iqtisadiyyatın şaxələnməsi, biznesin inkişafı və makroiqtisadi sabitliyə yönəlmiş uğurlu inkişaf strategiyasını yüksək qiymətləndirərək ölkəmizə dərin marağının olduğunu bildirib. Azərbaycanın hazırki inkişaf mərhələsində Sinqapurla bir sıra eyni çağırışlarla üzləşdiyini qeyd edən cənab nazir, qlobal maliyyə sisteminə inteqrasiyanın vacibliyini vurğulayaraq, qlobal böhran şəraitində ölkəmizin kiçik yerli bazarının xarici şoklardan qorunmasının əhəmiyyətini xüsusilə qeyd edib və Azərbaycanda həyata keçirilmiş anti-krizis tədbirlərini alqışlayıb.

Görüşdə həmçinin ölkələr arasında geniş əməkdaşlıq potensialının mövcudluğu qeyd edilib və gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənməsi və dərinləşməsi üçün səylərin göstəriləcəyi xüsusilə vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə