Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyası üçün ilk iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 6 qanun layihəsi müzakirə olunub. İclasda çıxış edən komitə sədri Eldar İbrahimov bildirib ki, qanun layihələri Prezident Administrasiyasından göndərilib. Komitə sədrinin sözlərinə görə, mövcud qanunlar genetikası dəyişdirilmiş məhsullara qadağa qoyur.
İlk müzakirə olunan məsələ "Seleksiya nailiyyətləri haqqında" qanun layihəsi olub. Qanun layihəsindəki dəyişikliklərə əsasən genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının dövlət reyestrinə daxil edilməsi qadağan olunur. Dəyişikliklər nəzərə alınaraq genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının dövlət reyestrinə daxil edilməsinə görə fiziki şəxslər üçün 3000 manat, vəzifəli şəxslər üçün 10 000 manat, hüquqi şəxslər isə 50 000 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.
Digər müzakirə olunan məsələ "Toxumçuluq haqqında" qanun layihəsi olub. Dəyişikliyə əsasən dövlət reyestrində qeydiyyata alınmamış sortların yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə idxal oluna bilər. Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının (genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin) Azərbaycana idxalına yalnız "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanunun 21-ci maddəsində nəzərdə tutulmuş qaydada yol verilir. Odur ki, qanunu pozan fiziki şəxslər 3000 manat, vəzifəli şəxslər üçün 10 000 manat, hüquqi şəxslər isə 50 000 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.
Üçüncü müzakirə olunan "Yeyinti məhsulları haqqında" qanun layihəsindəki dəyişikliyə görə yeyinti məhsullarının istehsalının təşkilində narkotik vasitələr və psixiotrop maddələr olan kimyəvi, bioloji və digər preparatların istifadəsinə qadağa qoyulduğu kimi qeyd olunan dəyişikliklər genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının da yeyinti məhsullarının istehsalında istifadəsini qadağan edir.
Dördüncü "Üzümçülük və şərabçılıq haqqında" qanun layihəsinə edilən dəyişikliyə görə müvafiq elmi-tədqiqat müəssisələrində və ya müqavilə şərtləri il elmi-tədqiqat müəssisələrinin nəzarəti altında ixtisaslaşdırılmış tinglik təsərrüfatlarında xəstəliklərə və zərərvericilərə davamlı genetik modifikasiya olunmamış üzümçülük əkin materiallarının istehsal olunması nəzərdə tutulur.
Beşinci "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsindəki dəyişikliklərə əsasən Azərbaycanda mülkiyyət formasından asılı olmayaraq dövlətin iştirakı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əmlakının təbii fəlakətdən sığortasında daha çox genetik modifikasiya olunmamış kənd təsərrüfatı bitkilərinə üstünlük veriləcək.
Sonuncu müzakirə olunan "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanun layihəsində edilən dəyişikliyə görə, Azərbaycanda satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB