Uçan körpü ilə əlaqədar alternativ yol salınır

Uçan körpü ilə əlaqədar alternativ yol salınır

"Uçan körpünün tikilməsinə qədər, onun sol tərəfindən avtomobillərin hərəkəti üçün alternativ yol salınması işlərinə başlanılıb". SİA-nın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Qaraməryəm-Şəki-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində Mehmanxanlı çayı üzərindəki uçan körpünün sol tərəfindən avtomobillərin hərəkəti üçün alternativ yol salınır.

P.Mürsəliyev bildirib ki, bu gün günorta saatlarından sonra sürücülər alternativ yoldan istifadə edə biləcəklər.

Qeyd edək ki, sentyabrın 11-də gecə saat 23:00 radələrində Qaraməryəm-Şəki-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində Mehmanxanlı çayı üzərindəki körpüdə həddindən artıq yüklənmiş "Shacman" markalı yük avtomobilinin keçməsi nəticəsində birinci aşırımın tirləri sınıb, körpü uçub. Nəqliyyat vasitəsi ikinci aşırıma keçərək oradan asılı vəziyyətdə qalıb.

Xatırladaq ki, körpünün ümumi uzunluğu 31 metr, eni isə 7 metrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə