Milli domenlərin onlayn qeydiyyatının vaxtı məlum oldu

Milli domenlərin onlayn qeydiyyatının vaxtı məlum oldu

"Azərbaycanda "*.az" milli domen adlarının onlayn rejimdə qeydiyyatı prosesinə bu ilin sentyabr ayının 1-dən başlanacaq". SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, gələn ay həmçinin Azərbaycan hərflərinin domen adlarında qeyd olunması sistemi də fəaliyyətə başlayacaq: "Bu da dünyanın bütün sistemləri tərəfindən tanınacaq".

Nazir bildirib ki, "*.az" domen zonasında qeydiyyata alınan domenlərin sayı hələ ki o qədər çox deyil və onun inkişafı üçün yeni stimullaşdırıcı yanaşmalar tələb edilir: "Bu gün dünyada aktiv saytların sayı 250-300 milyona çatır. Azərbaycanda milli domen zonasında qeydiyyatdan keçən internet-resursların sayı 250 minə çatır. "*.az" domen zonasında qeydiyyatdan keçən internet-resurs sayı təxminən 10 mindir və əgər respublikada real internet istifadəçilərinin sayının yeddi milyona çatdığını nəzərə alsaq, onda bu, təbii ki, azdır".

Nazirin sözlərinə görə, qeydiyyatın onlayn rejimdə istifadəyə verilməsi domen istifadəçilərinin sayını daha da artıracaq: "Domenlərin qeydiyyatının tariflərinə gəldikdə isə, onun qeydiyyatı və xidməti elə də yüksək deyil. Bununla yanaşı, qeydiyyata alınan domenlərin sayı artdığı təqdirdə, domenlərin qiyməti məsələsinə baxıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə