Vüqar Bayramlı: "Əməkhaqqı artımları istehlak bazarındakı qiymətlərə təsir etməyəcək" MÜSAHİBƏ

Vüqar Bayramlı: "Əməkhaqqı artımları istehlak bazarındakı qiymətlərə təsir etməyəcək" MÜSAHİBƏ

İqtisadçı-ekspert Vüqar Bayramlının Səs TV-yə müsahibəsi:

- Bir neçə gün öncə ölkə prezidenti vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Bu təşəbbüsü dövlət tərəfindən vətəndaşlara olan diqqət və qayğının göstəricisi hesab etmək olarmı?

- Bu gün Azərbaycanın dövlət büdcəsinin 9 milyard manatdan artıq olması dövlətin sosial proqramların reallaşmasına, eləcə də əməkhaqlarının artırılmasına şərait yaradır. Nəzərə alsaq ki, ölkənin dövlət büdcəsi 2013-cü il üçün məhz sosial proqramlara ayrılan vəsaitlərin həcminin artırılmasına imkan verirdi, deməli dövlət büdcəsindən maliyyələşən vətəndaşların əməkhaqlarının artırılması ilə bağlı qərarın verilməsi və sərəncamın imzalanması gözlənilən idi. 2013-cü il sosial baxımdan vətəndaşların hüquqlarının qorunması və onların əldə etdikləri vəsaitlərinin həcminin artırılması baxımından əhəmiyyətli ildir. Əməkhaqqı artımlarının bütün kateqoriyalar üzrə dövlət qulluqçularını əhatə edəcəyini nəzərə alsaq, əməkhaqqı artımlarının reallaşmasını dövlətin vətəndaşına qayğısı və diqqəti kimi qiymətləndirmək lazımdır. Ümumilkdə inkişaf etmiş iqtisadiyyatda əməkhaqqının 10% artırılması ciddi bir rəqəm kimi qəbul olunur. Bu gün Azərbaycanda orta aylıq əmək haqqı 410 manatdır. Son artımdan sonra isə ölkəmizdə orta aylıq əmək haqqının 450 manata qədər artacağı gözlənilir. Bu məbləğin dollarla ifadəsi isə Azərbaycanın MDB ölkələri arasında orta aylıq əməkhaqqı göstəricilərinə görə ilk üçlükdə yer almasına imkan yaradır. Belə ki, Azərbaycan bu sahədə Qazağıstanı üstələyərək, Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Buna görədə həyata keçirilən əməkhaqqı artılmları və tətbiq olunan sosial siyasət dövlətin qayğısı kimi qiymətləndirilməlidir.

- Adətən vətəndaşların əməkhaqları artırılanda bazar qiymətlərində də artımlar baş verir. Bəs bu dəfə istehlak bazarında artımlar müşahidə olunacaqmı?

- Əməkhaqqı artımları təbii ki, infilyasiyaya öz təsirini göstərir. Çünki pul dövriyyəsinə daxil olan vəsaitlərin həcmində artım olur. Builki əməkhaqqı artımlarının avqust ayında reallaşması və bu qanunun sentyabr ayının birindən qüvvəyə minməsi artımın bazar qiymətlərinə ciddi təsir göstərməyəcəyindən xəbər verir. Avqust və sentyabr ayları Azərbaycanda istehlak bazarında qiymətlərin nisbətən zəif artdığı ay kimi qiymətləndirilir. Əksər hallarda, hətta bu aylarda məhsulların qiymətlərində azalmalar da müşahidə olunur. Əməkhaqqı artımları üçün seçilən zaman da məhz infilyasiyanın təsirinin azaldılması baxımından əhəmiyyətli idi. İstehlak bazarı ötən illərdən fərqli olaraq artıq əməkhaqqı artımına ciddi reaksiya vermir. Çünki istehlak bazarında süni qiymət artımına qarşı ciddi mübarizə var. Təbii ki, bu da əməkhaqqı artımlarının istehlak bazarındakı qiymət artımlarına təsirini azaldır. Maaşların pilləli şəkildə artırılması, onun infilyasiyanın az müşahidə olunduğu dövrə təsadüf edilməsi praktiki olaraq istehlak bazarında artımların həm iqtisadi, həm də psixoloji təsirlərini azaldır. Bu baxımdan son əməkhaqqı artımlarından sonra istehlak bazarında ciddi qiymət artımının olacağı proqnozlaşdırılımır.

- Bütün sahələrdə əməkhaqqıların artırılmasının dövlət büdcəsinə mənfi təsirləri ola bilərmi?

- Əməkhaqqı artımları dövlət büdcəsi formalaşarkən nəzərə alındığından ölkə iqtisadiyyatda mənfiliyə doğru heç bir irəliləyiş olmayacaq. Azərbaycanda 2013-cü ildə sosial sferaya ayrılan xərclərin həcmində və istiqamətində ciddi artımlar mövcuddur. Buna görə də əməkhaqqı artımlarına gedilməsi dövlət büdcəsinin icrasi ilə bağlı hər hansısa bir problem yaratmayacaq. Ölkənin dövlət büdcəsi ötən ilin dövlət büdcəsilə müqayisədə 14%, 2011-ci ilin dövlət büdcəsilə müayisədə isə 30% artıb. Artımlar dövlət büdcəsinin nə gəlirlərində, nə xəcrlərində, nə də formalaşmasında heç bir çətinlik yaratmayacaq. Dövlət büdcəsinin mövcud vəziyyəti əməkhaqqı artımlarının reallaşmasına və əməkhaqların gecikməyərək vaxtında ödənilməsinə imkan verir. Ümumilikdə isə bildirmək istəyirəm ki, son əməkhaqqı artımları və gözlənilən əməkhaqqı artımları dövlət büdcəsinin imkanları daxilində həyata keçirilir.

- Vüqar müəllim, son 10 ildə Azərbaycanda orta aylıq əməkhaqqı və əhalinin gəlirləri hansı nisbətdə dəyişib?

- Son 10 ildə Azərbaycanda orta aylıq əməkhaqqı 5 dəfəyə qədər artırılıb. 2003-cü ildə orta aylıq əməkhaqqı 100 manata yaxın idisə, artıq bu gün orta aylıq əmək haqqı 410 manatdan çoxdur. Orta aylıq əməkhaqlarının artım tempinə uyğun olaraq əhalinin gəlirlərində də artımlar müşahidə olunur. Belə ki, əhalinin gəlirlərində də 10 dəfəyə yaxın artım var. Bu onunla bağlıdır ki, əhalinin gəlirlərinin bir hissəsi özəl sektorda formalaşır. Təbii ki, bu da əhalinin gəlirlərindəki artımın daha yüksək olmasına səbəb olur. İnfilyasiya səviyyəsi isə əksinə, orta aylıq əməkhaqqı gəlirlərindən geri qalıb. Belə ki, son 10 ildə istehlak bazarında qiymətlər təxminən 3,8 dəfə artıb. Bu o deməkdir ki, son 10 ildə həyata keçirilən orta aylıq əməkhaqqı artımları real artımlar olub.

- Rusiya neftinin Avropaya Bakı-Tbilisi-Ceyhan neft kəmərindən nəql olunmasının Azərbaycana qazandıracağı dividentlər hansılardır?

- Rusiyanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoşulması strateji bir addımdır. Azərbaycan hazırda bu kəmər vasitəsilə Avropaya təxminən gündəlik olaraq 800 min barel neft nəql edir. Neft kəmərinin imkanlarının geniş olduğunu nəzərə alsaq, Xəzəryanı ölkələrin, o cümlədən Rusiyanın bura qoşulması kəmərin daha da rentabelli işləməsinə imkan yaradacaq. Bundan başqa hadisənin daha bir üstünlüyü ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq Rusiya neftinin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Avropaya çıxarılmasını təmin edəcək. Bu isə iqtisadi baxımdan Azərbaycanın dövlət gəlirlərinin artırılmasına xidmət edir. Hadisənin strateji uğuru isə bundan ibarətdir ki, Rusiya neftinin bu kəmər vasitəsilə nəql edilməsi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uzunmüddətli dövr üçün strateji əhəmiyyətini qoruyub saxlayacağından xəbər verir. Bu hadisə həm iqtisadi, həm də strateji baxımdan Azərbaycanın maraqlarına uğundur.

Bütün xəbərlər Facebook səhifəmizdə