Nazirlikdə Respublika Komissiyasının növbəti iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı naziri İsmət Abasov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarına böyük maddi və mənəvi dəstək olub, istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb olunmasına, əkin sahəsinin və istehsalın artmasına səbəb olub. 2007-ci ildən başlayan kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi prosesi indi də davam etdirilir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən 2013-cü ildə də kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə yardımın verilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb.
Respublika Komissiyasına 60 rayon (şəhər) komissiyasından 01 iyun 2013-cü il tarixinə istehsalçıların siyahıları və onlara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək yardım haqqında məlumatlar daxil olub. Komissiya 60 rayon (şəhər) komissiyası üzrə 393663 istehsalçıya 1435117,67 ha əkin sahəsinə görə 57404706,8 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, "Kapital Bank" ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib. Komissiya 4 satıcı təşkilat, o cümlədən, "Aqrolizinq" ASC, "Aqrokimya" MMC, "Mikro Az Feed" MMC,"İ.E.R. LTD" MMC və "Pərviz İKF" MMC üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş "Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"nın maddələrinə və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.1, 2.3 və 5-ci maddələrinə uyğun olaraq 9862 nəfər istehsalçıya 54234,78 hektara görə 50 faiz güzəştlə satılmış 10378993 ton mineral gübrə üçün 2 milyon 619 min manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə müvafiq sənədlər Azərbaycan Respublikasınin Maliyyə Nazirliyinə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB