Azərbaycan qazının nəqli üçün memorandum imzalandı

Azərbaycan qazının nəqli üçün memorandum imzalandı

Ötən gün Azərbaycan qazının Avropaya nəqli üçün Monteneqro, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina arasında memorandum imzalanıb. SİA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, memorandum Azərbaycan qazının qəbulu üçün TAP və İAP qaz kəmərlərinin tikintisi üçün imzalanıb. Monteneqro XİN-nin yaydığı məlumata görə, tərəflər qaz kəmərləri layihələrinin inkişafına, maliyyələşməsinə və reallaşmasına yardım etmək, Azərbaycan və Xəzər regionundan qazın qəbulu üçün daxili bazarları hazırlamaq barədə öhdəlik götürüb.

Məlumatda həmçinin bildirilir ki, iştirakçı dövlətlər TAP və IAP layihələrinə tam dəstəyini ifadə ediblər, bununla da Avropa Birliyinin Avropaya qaz tədarükünün diversifikasiyası və təhlükəsizliyinin təmin olunması məqsədlərinə sadiq olduqlarını bəyan ediblər.

Monteneqro XİN qeyd edir ki, 520 kilometrlik Transadriatik qaz kəməri qazın Xəzər regionundan Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub. Plana əsasən, Yunanıstan və Albaniyanı da əhatə edəcək boru Adriatik dənizindən keçərək İtaliyanın şərqindəki Apuliya bölgəsinə çıxacaq.

530 kilometr uzunluğu olan İon-Adriatik qaz kəməri əslində Transadriatik qaz kəmərinin qolu olacaq. 610,5 milyon dollar dəyəri olan İAP kəməri Albaniyanın Fiyeri şəhərindən Monteneqro və Bosniya və Herseqovina ərazisindən keçməklə Xorvatiyanın Split şəhərinədək uzanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə