Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) dəstəyi ilə "Sərhədsiz Kapitallaşma İmkanı" mövzusunda Bakı Fond Birjasının (BFB), Borsa İstanbul (Bİ) və "İnvest-Az" şirkətinin iştirakı ilə konfrans keçirilib. SİA-ya verilən məlumata görə, konfransda banklar, kredit təşkilatları, sığorta şirkətləri, habelə müxtəlif maliyyə və sənaye sektorlarının rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan QKDK-nın sədr müavini İlqar Muradov Azərbaycan və Türkiyənin qiymətli kağızlar bazarı arasında möhkəm təməllər üzərində qurulan qardaşlıq əlaqələrinin çox yüksək səviyyədə olduğunu və daima yüksələn xətlə inkişaf etdiyini bildirib. İ.Muradov çıxışın davamında Azərbaycanın qiymətli kağızlar bazarının mövcud vəziyyəti və perspektivləri barədə ətraflı məlumat verib. Sədr müavini 16 may 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının qiymətli kağızlar bazarının uzun müddətli inkişaf strategiyasının əsasını təşkil etdiyini və qarşıda duran hədəflər haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. İ.Muradov hər iki ölkənin qarşılıqlı əməkdaşlıq çərçivəsində şirkətləri listinqə dəvət etməsinin, gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayacağına əminliyini bildirib.
Daha sonra tədbirdə iştirak edən Bakı fond Birjasının, Borsa İstanbulun və "İnvest-Az"şirkətinin rəhbərləri çıxış edərək,"Sərhədsiz Kapitallaşma" və kross-listinq imkanları, yeni şirkətlərin kapitallaşma və gələcəyə baxışları, Azərbaycan şirkətlərinin qiymətli kağızlar bazarında kapitallaşmasının üstünlükləri və listinq imkanları, eləcə də birgə əməkdaşlıq perspektivləri istiqamətlərində fikirlərini ifadə ediblər.
Sonda tədbir iştirakçıları arasında mövzu ətrafında geniş müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB