Azərbaycan ilə Braziliya arasında aqrar sahədə əlaqələr gücləndirilir FOTO

Azərbaycan ilə Braziliya arasında aqrar sahədə əlaqələr gücləndirilir FOTO

Braziliya Federativ Respublikasının Xarici İşlər Nazirliyi baş katibinin əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi üzrə müavini səfir Hadil da Roşa Viannanın rəhbərlik etdiyi ticarət missiyası Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində olub.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov ilə keçirilən görüşdə Azərbaycan və Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılması üzrə fikir mübadiləsi aparılıb.

Nazir müavini hər iki ölkə arasında dostluq əlaqələrinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.

A. Aslanov qonaqlara Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində görülən işlər, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində əldə olunan uğurlar barədə ətraflı məlumat verib. Nazir müavini Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar və kənd təsərrüfatı məhsulları istehsalçılarının dəstəklənməsi məqsədi ilə edilən dövlət yardımları, güzəştli kreditlər nəticəsində yaradılan münbit şərait barədə danışıb, ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Braziliya arasında aqrar sahədə ikitərəfli əməkdaşlığa dair memorandumun hazırlanması, habelə ölkəmizə çox sayda kənd təsərrüfatı məhsullarının idxalı, o cümlədən heyvandarlıq və quşçuluq sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb.

Müzakirələrdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə