Azərbaycanla AİB arasında Kredit Sazişi imzalanıb

Azərbaycanla AİB arasında Kredit Sazişi imzalanıb

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamına uyğun olaraq "Şimal-Cənub Nəqliyyat Dəhlizi"nin Azərbaycan Respublikasının ərazisindən keçən bir sahəsini təşkil edən "M3, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu"nun "Masallı-Cəlilabad hissəsi"nin tikintisinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankının arasında "İkinci Yol Şəbəkəsinin İnkişafı Proqramı, Layihə 1" Kredit Sazişi imzalanıb. SİA Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti adından Nəqliyyat naziri Ziya Məmmədovun imzaladığı "İkinci Yol Şəbəkəsinin İnkişafı Proqramı, Layihə 1" Kredit Sazişi (Adi Əməliyyatlar) çərçivəsində, təxminən 32.2 km uzunluqda yeni dörd zolaqlı (IB dərəcəli) "Masallı-Cəlilabad avtomobil yolu hissəsi" üzrə tikinti-quraşdırma işlərinin və digər layihə komponentlərinin maliyyələşdirilməsi nəzərdə tutulub.

Layihə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir və başa çatdırıldıqdan sonra təsir zonasına daxil olan rayonların sosial-iqtisadi inkişafına öz tövhəsini verəcək, əhalinin rifahının yaxşılaşdırılmasında müstəsna rol oynayacaq, "Şimal-Cənub Nəqliyyat Dəhlizi"nin bir hissəsində keyfiyyətli nəqliyyat əlaqəsini təmin etməklə sürücülərin mənzil başına çatmaq üçün sərf etdikləri vaxtı, nəqliyyat vasitələrinin amortizasiya və yanacaq sərfiyyatı xərclərini azaldacaq. Həmçinin, layihə çərçivəsində ekoloji məsələlərə xüsusi diqqət yetiriləcək, norma və standartlara cavab verən texnologiyaların və materialların tətbiqi, təbiəti mühafizə tədbirlərinin görülməsi, ətraf mühitə təsirin azaldılması, fauna növləri üçün xüsusi keçidlərin qurşadılması, tikinti işləri zamanı səsin təsir səviyyəsinin azaldılması üçün tədbirlərin görülməsi, eroziyanın qarşısının alınması üçün səth sularının kənara axınının təşkil edilməsi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə