Astara Pedaqoji Kollecinin fəaliyyətinin ən üstün cəhətlərindən biri də dünyanın nüfuzlu ali təhsil ocaqları ilə elmi-praktik əlaqələrin qurulmasına və Azərbaycan təhsilinin həmin olkələrdə daha çox tanınmasına nail olmaqdır. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, indiyə qədər kollecin timsalında Yunanıstanın Afina, Hindistanın Maunt-Abu, Özbəkistanın Daşkənd, Rusiyanın Moskva, Sankt-Peterburq, Nijni-Novqorod, Çelyabinsk şəhərlərində keçirilən beynəlxalq konfrans və forumlarda Azərbaycan təhsili uğurla təmsil olunub.
Bu günlərdə Ukraynanın paytaxtı Kiyev şəhərində M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində keçirilmiş Beynəlxalq elmi-təcrübi konfransda Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim, dosent Əlihəsən Həmzəyev və kollecin müəllimi Azər Fərəməzov iştirak ediblər. Konfrans "Beynəlxalq diplomdansonrakı təhsilin aktual problemləri: vəziyyəti və inkişaf perspektivləri" mövzusu kimi əhəmiyyətli bir mövzuya həsr edilib. 30-a yaxın xarici ölkədən və Ukraynanının 50-dən artıq ali təhsil müəssisəsindən olan görkəmli alimlər arasında iki gün ərzində mövzu ətrafında geniş müzakirələr aparılıb. Əlihəsən Həmzəyev əməkdaşımıza bildirib ki, Milli Pedaqoji Universitetin Yenidənhazırlanma və Pedaqoji Kadrların İxtisasının Artırılması İnstitutunun mərkəzi korpusunun konfrans zalında keçirilmiş plenar iclasını giriş sözü ilə universitetin rektoru, fəlsəfə elmləri doktoru, professor, Ukrayna Milli Pedaqoji Elmlər Akademiyasının akademiki, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Viktor Petroviç Andryuşenko açıb. Konfransın açılış günü fəlsəfə doktoru Əlihəsən Həmzəyevin "Qlobalizasiya və beynəlxalq təhsilin fəlsəfi problemləri" mövzusunda məruzə-təqdimatı dinləyicilərin böyük marağına səbəb olub. Məruzə-təqdimatda Azərbaycan və Ukrayna xalqlarının dostluq əlaqələrindən, müasir Azərbaycan dövlətinin son dövrlərdə beynəlxalq arenada əldə etdiyi uğurlardan və təhsil sahəsində qazanılan nailiyyətlərdən danışılıb. Məruzəçi xüsusilə vurğulayıb ki, cəmiyyətin inkişafı konsepsiyasını və təhsil sahəsində onun innovativ modelini ilk dəfə yeni, müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyev yaradıb. Bu istiqamətdə ulu öndərin yolunu davam etdirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində istər siyasi və iqtisadi sahədə, istərsə də elm və təhsil sahəsində böyük uğurlar əldə edilib. Məruzə-təqdimatda qeyd olunan faktlar arasında 2011-ci ilin oktyabrında Azərbaycanın ilk dəfə olaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, iqtisadi sahədə əldə edilən sabitlik, bu il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekomminikasiya peykinin – "Azərspace-1"-in uğurla orbitə buraxılması, Prezident tərəfindən təsdiq edilmiş Dövlət Proqramına əsasən 2007-2015-ci illər ərzində 5 min azərbaycanlı tələbənin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaları və digər nailiyyətlər barədə konfrans iştirakçılarına məlumat verən Ə.Həmzəyev Azərbaycan təhsilinin uğurları barədə hazırlanmış video-çarxı nümayiş etdirib. Video-çarxda həmçinin Astara Pedaqoji Kollecində görülmüş işlərdən, tədris-maddi bazanın vəziyyətindən, kollecin beynəlxalq əlaqələrindən bəhs edən foto və videomateriallar iştirakçıların dərin marağına səbəb olub.
Konfransda Ə.Həmzəyevə fəal iştiraka, ən maraqlı və aktual məruzəyə görə M.P.Draqomanov adına Milli Pedaqoji Universitetin xatirə medalı və sertifikat təqdim edilib.
Sərraf Mirsəfəroğlu
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB