Bakıda yeni növ işıqfor quraşdırılıb FOTO

Bakıda yeni növ işıqfor quraşdırılıb FOTO

Bakının mərkəzi küçələrinin birində yeni növ işıqfor quraşdırılıb. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Buna səbəb bir çox yol hərəkət qaydalarının pozulması (işıqforun qırmızı işığında keçmə, yol kəsişmələrində səhv manevrlər həyata keçirmə və s.) məhz sürücülərin işıqforlardakı siqnalı görməməsidir.

Bu problemi aradan qaldırmaq məqsədi ilə NİİM müəyyən müddət davam edən tədqiqatlar əsasında nəqliyyat sahəsində mövcud olan son texnologiyaları özündə əks etdirən yeni işıqforların ölkəmizə nümunə kimi gətirilməsi və test olaraq paytaxtın mərkəzi küçələrinin birində quraşdırılmasını həyata keçirib. Belə ki, LED sistemi ilə (Light Emitting Diode - İşıq saçan diod) təchiz edilən 2 işıqfor Üzeyir Hacıbəyov və A.Puşkin küçələrinin kəsişməsində quraşdırılıb.

Bu cihazların adi işıqforlardan fərqi ondan ibarətdir ki, LED-li işıqforların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticə olaraq sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər. Yüngül konstruksiyaya malik olan bu işıqforlar alüminiumdan hazırlanıb. Hündürlüyü və ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini cəlb edir və bununla hərəkətin təhlükəsizliyini təmin etməkdə kömək olur. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə digər nəqliyyat vasitələrinin işıqforu görməsini məhdudlaşdırmayacaq. İşıqforun üst dirəyində quraşdırılmış işıqların köməyi ilə axşam saatlarında piyadaların yolu daha rahat görmələri üçün şərait yaradılıb.

İşıqforun fərqliliyi həm də onunla bağlıdır ki, LED sistemindən istifadə elektrik enerjisinə 80 faizə qədər qənaət etməyə imkan yaradacaq. Bundan əlavə, mərkəzin mütəxəsissləri tərəfindən bu işıqforların gələcəkdə günəş enerjisi ilə işləyən panellər və akkumulyatorla təchiz olunması planlaşdırılır ki, bu da ekoloji baxımdan da səmərəli olacaq.

Mərkəz tərəfindən istifadəyə verilən bu 2 işıqfor İntellektual Nəqliyyat Sisteminin tərkib hissəsi olaraq NİİM tərəfindən idarə olunur. Həmin avadanlıqların texniki parametrlərinin paytaxtın şəraitinə daha da uyğunlaşdırılması, nəqliyyat hərəkətində yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə tənzimləmə işləri davam etdiriləcək. İlkin olaraq, işıqforların fəaliyyəti əsasında hesabatlar hazırlanıb müvafiq qurumlara təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə